İnformasiya texnologiyaları

Azərbaycanda “elektron hökumət”in formalaşdırılması ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya ilə qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində “elektron hökumət” ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratmışdır.

 

“Elektron hökumət”in tətbiqi sahəsində görülən işlər “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) qəbul edilməsi ilə daha geniş vüsət almış və hazırda 2010-2012-ci illəri əhatə edən ikinci “Elektron Azərbaycan” Dövlət Proqramı və “Azərbaycan Respublikasında «Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na uyğun olaraq davam etdirilməkdədir. Bu proqramlarla yanaşı iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş 20-dək dövlət proqramı çərçivəsində “elektron hökumət” layihələri həyata keçirilməkdədir. “Elektron hökumət”in fəaliyyəti üçün zəruri olan normativ-hüquqi bazanın və infrastrukturların formalaşdırılması, elektron ödəmə sistemlərinin tətbiqi əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, daha münasib və çevik formada həyata keçirilməsinə, yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə və biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulmasına əlverişli imkanlar yaratmışdır. “Elektron hökumət” mühitində münasibətləri tənzimləyən bir sıra mühüm sənədlər, o cümlədən Azərbaycan Respublikasının qanunları, dövlət standartları və təsnifatları qəbul olunmuşdur. Ölkədə elektron imzadan istifadənin təşkili üçün Açıq Açar İnfrastrukturu və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış və 2011-ci ilin sentyabrından dövlət orqanlarına, vətəndaşlar və sahibkarlıq fəaliyyəti subyektlərinə elektron imzaların verilməsinə başlanılmışdır. Elektron imzanın tətbiqi əhalinin elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinə, onlara daha keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinə, habelə elektron hökumətin və elektron ticarətin geniş nüfuzetməsinə xidmət etmişdir.

 

Hazırda Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün bir çoxu, o cümlədən rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu və s. ölkəmizdə də tətbiq edilməkdədir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanı dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyinin və şəffaflığının artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin təşkilinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə işlərin sürətləndirilməsinə ciddi təkan vermişdir. Fərmandan irəli gələn tapşırıqların icrasını təmin etmək üçün beynəlxalq təcrübə əsasında mərkəzi icra hakimiyyəti orqanlarının elektron xidmətlər göstərməsi üçün qaydalar işlənilmiş, xidmət növləri müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Dövlət orqanları tərəfindən xüsusən əhali ilə bilavasitə təmasda həyata keçirilən xidmətlərin, o cümlədən fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı, daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi, gətirilən və aparılan malların bəyan edilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların təqdim olunması, ünvanlı sosial yardım və pensiya təyinatı üçün ərizələrin, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin qəbulu və s. elektron formada göstərilməsi təmin edilmişdir və bu say gündən-günə artır. Bir sıra dövlət orqanlarında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinə şərait yaradılmışdır.

 

Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “Elektron hökumət” portalı yaradılaraq istifadəyə verilmişdir. “Elektron hökumət” şlüzü dövlət orqanlarında mövcud olan informasiya sistemlərindən səmərəli istifadəni təşkil etməyə, onların arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsinə imkan verir.

 

Elektron formalaşdırılması, o cümlədən elektron xidmətlərin təşkili üzrə tapşırıqlardan irəli gələn bütün tədbirlərin icrası məqsədilə əlaqələndirilmiş fəaliyyət davam etdirilməkdədir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R