date icon
16.11.2019 / 10:44

2020-ci ildə "Şərq Tərəfdaşlığı" ölkələri arasında rouminq tariflərinin azaldılmasına dair saziş imzalana bilər

"Şərq Tərəfdaşlığı" ölkələri arasında rouminq tariflərinin azaldılması ilə bağlı birgə iclas keçirilib.

 

Litvanın  paytaxtı Vilnüs şəhərində  keçirilən iclas Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rouminq üzrə Ekspert İşçi Qrupunun (REWG), Avropa ölkələrinin aidiyyəti dövlət orqanlarının nümayəndələrinin və bu ölkələrin Litva Respublikasında akkreditə olunmuş diplomatik nümayəndələrinin iştirakı ilə baş tutub.

 

Azərbaycan Respublikası tərəfindən iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə yanaşı, ölkəmizin Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri iştirak edib. 

 

İclasın əsas məqsədi "Şərq Tərəfdaşlığı" regionunda rouminq tariflərinin azaldılması məqsədilə 2020-ci ildə imzalanması nəzərdə tutulan Regional Rouminq Sazişinə hazırlıq çərçivəsində görülən işlər barədə fikir mübadiləsinin aparılması olub.

 

Sözügedən iclas Avropa Komissiyasının dəstəyi, Litva Respublikasının Tənzimləyici Qurumu, eləcə də REWG-ə sədrlik edən Ukraynanın Rabitə və İnformasiyalaşdırmanın Dövlət Tənzimlənməsi üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilib.

 

Tədbirdə "Şərq Tərəfdaşlığı" ölkələrinin beynəlxalq rouminq sahəsində ən yaxşı təcrübələri araşdırılaraq müqayisə edilib. Həmçinin rouminq bazarı üzrə milli qaydaların yaxşılaşdırılması üçün tənzimləyici platformanın hazırlanması, eyni zamanda Aİ-yə üzv dövlətlərin və tərəfdaş ölkələrin tənzimlənən bazarlarına aid yeni çağırışlar və əldə edilmiş nailiyyətlərə dair geniş müzakirələr aparılıb.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R