Dosta göndər

Materiallar

Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsi üzrə 2017-ci ilin yekununa dair

 

2017-ci il ərzində nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” 13 fevral     2017-ci il tarixli 2669 nömrəli Sərəncamı ilə dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində dövlət siyasətinin və tənzimlənməsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmışdır.

 

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı, əhalinin nəqliyyat və rabitə xidmətlərinə keyfiyyətli çıxışının təmin edilməsi, nəqliyyat və rabitə infrastrukturunun modernləşdirilməsi və şaxələndirilməsi, yeni xidmətlərin, o cümlədən e-xidmətlərin tətbiqinin genişləndirilməsi, innovativ sahibkarlığın inkişafı və dəstəklənməsi əsas diqqət mərkəzindədir və bu istiqamətdə işlər davam etdirilir.

 

2017-ci il ərzində əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi, eləcə də yeni texnologiyaların tətbiqi üzrə əhəmiyyətli işlər görülmüşdür. Belə ki, xidmətlərin istifadəçilərə yaxınlaşdırılması və xidmət keyfiyyətinin artırılması məqsədilə mənzillərə yüksək sürətli internet xidməti verilməsinə imkan yaradan layihənin tətbiqinə başlanılmışdır. GPON texnologiyası vasitəsilə genişzolaqlı xidmətlərin əhatə dairəsinin artırılması məqsədilə 27 min mənzilə optik kabellər çəkilməklə istifadə imkanlığı yaradılmış, ümumi tutumu 30 min abunəçi olan GPON avadanlığı quraşdırılaraq istismara verilmişdir. Hal-hazırda 2678 GPON istifadəçisinə xidmət göstərilir. Bu layihənin tətbiqi ilə əhali və təşkilatlar 1 Gbit/s və daha yüksək sürətli internet xidmətindən istifadə etmək imkanı əldə etmişdir.

 

Turizmin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Bakının 18 parkında “İctimai WiFi” istifadəyə verilmiş və layihənin icrası tam başa çatdırılmışdır. Bu ərazilərdə pulsuz internet xidməti təqdim olunmaqdadır. Həmçinin Bakı telefon şəbəkəsində Çağrı Mərkəzinin test rejimində monitorinqi həyata keçirilmiş, 155 və 169 Çağrı Mərkəzlərinin fəaliyyəti təmin edilmişdir.

 

Dünya telekommunikasiya təcrübəsinə əsaslanaraq, İP, səs, transmissiya şəbəkələrinə və internet trafikinə nəzarət etmək məqsədilə “Baktelekom” Şəbəkə Əməliyyat Mərkəzi yaradılmışdır. Mərkəz yaranan problemlərə dərhal reaksiya verilməsinə xidmət edir.

 

Bakı şəhərində və regionlarda, respublikanın ucqar kəndlərində LTE xidmətinin tətbiqi üzrə naqilsiz şəbəkənin qurulması üçün texniki-iqtisadi əsaslandırılma və pilot layihə hazırlanmış, ilkin test-sınaq işləri aparılmış, müvafiq tezliklərin ayrılması və lisenziyanın alınması ilə bağlı hazırlıq tədbirləri görülmüşdür.

 

Beynəlxalq səs trafikinin keyfiyyət göstəricilərinin yüksəldilməsi və rabitənin fasiləsizliyinin təmin edilməsi üçün IP əsaslı Beynəlxalq Kommutasiya Sistemi tam istismara verilmiş, beynəlxalq operatorlar (Avropa, Asiya, Amerika və Afrika qitələrində fəaliyyət göstərən 30-dan çox) arasında ən son texnologiya və siqnallaşma sistemləri üzərindən birbaşa texniki arabağlantı kanalları təşkil edilmişdir.

 

Həyata keçirilmiş tədbirlər və artan tələbat fonunda ölkənin beynəlxalq internet kanallarının ümumi tutumu 30 Gb/s artırılaraq 580 Gb/s-yə çatdırılmış və bu tutumun 200 Gb/s-i qonşu və region ölkələrinə ixrac olunur. Bu gün Azərbaycan trafikin ötürülməsi üzrə region ölkələr üçün tranzit funksiyasını yerinə yetirir.

 

Respublikanın regionlarında rabitənin dayanıqlığının təmin edilməsi məqsədilə şəbəkədə 100-ə yaxın yaşayış məntəqəsində şəbəkənin texniki istismar keyfiyyəti yüksəldilmişdir. Xaçmaz rayonunun şəbəkəsində əsaslı rekonstruksiya işləri aparılmış və istismar olunan köhnə tipli stansiyalar çıxarılaraq genişzolaqlı xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması məqsədilə müasir tipli avadanlıqlar quraşdırılmışdır. Həmçinin Cəlilabad rayonunda şəhər və Göytəpə qəsəbəsində, habelə rayonun Alar, Cəlayir, Qarazəncir, Astanlı, Xanagah, Uzuntəpə və Günəşli kəndlərində telekommunikasiya qurğularının tikintisi aparılaraq xidmət göstərilməsi imkanları genişləndirilmiş və şəbəkənin texniki normaya gətirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

 

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar kəndin telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə qısa müddətdə 10 km məsafədə optik kabel xətti tikilmiş, yeni müasir tipli EATS avadanlığı quraşdırılmış və daxili xətt şəbəkəsi istifadəyə verilmişdir.

 

Regionların telefon şəbəkəsində şəhərlərarası stansiyasının alternativliyinin təmin edilməsi üçün Gəncə, Lənkəran, Quba, Şəki, Şirvan, Sumqayıt, Abşeron, Bərdə, Mingəçevir, Naxçıvan istiqamətləri ilə beynəlxalq stansiyası arasında 1170 ədəd birbaşa arabağlantı kanalları təşkil edilmişdir.

 

Respublikanın bölgələrində yeni texnologiyaların tətbiqi istiqamətində Masallı, Abşeron, Sumqayıt, Gəncə regionlarında şəbəkələrin yenidənqurulması layihələri hazırlanmış, naqilsiz genişzolaqlı texnologiya bazasında (WTTx) pilot layihənin tətbiqi üzrə işlər aparılır.

 

Həyata keçirilmiş tədbirlər nəticəsində Bakı şəhərində və regionların telefon şəbəkəsində 2017-ci ildə 42 yeni elektron tipli ATS istismara verilmiş, 34 ATS-də genişləndirmə işləri aparılmış, sabit telefon şəbəkəsinin tutumu 9,3 min nömrə, respublikanın stasionar telefon şəbəkəsində genişzolaqlı internet portlarının ümumi montaj tutumu 64,3 min ədəd artırılmış və 552,0 km uzunluğunda fiber-optik kabel çəkilmişdır.

 

İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi, kibertəhlükəsizliyin təmin edilməsi və təhlükəsiz internet mühitinin formalaşdırılması üzrə tədbirlər görülmüş, uşaq və yeniyetmələrin internetdən təhlükəsiz istifadəsinin təşkili üzrə seminar və təlimlər keçirilmiş, Azərbaycanın ümumi internet trafiki üzrə təhlillər aparılmış, əhalinin, özəl və digər qurumların elektron vasitələrdən istifadəsi zamanı yaranan elektron təhlükələr barədə zəruri texniki tədbirlər görülmüş və metodiki köməkliklər göstərilmişdir. 2017-ci il ərzində Azərbaycanın ümumi internet trafikinə, həmçinin ölkədə fəaliyyət göstərən müxtəlif təşkilat, idarə və müəssisələrin internet trafikinə, informasiya ehtiyatlarına, serverlərinə və şəbəkələrinə qarşı qeydə alınmış kiberhücumlardan 300-dən çoxunun nəticələri aradan qaldırılmışdır.

 

Hesabat dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə  “NETTY-2017” Milli İnternet müsabiqəsi keçirilmişdir. Bu müsabiqə Azərbaycanın İnternet məkanınında yeni saytların yaradılmasını və milli resursların çoxalmasına yönəlik fəaliyyətin həvəsləndirilməsinə xidmət edir.

 

Elektron Hökumət Təlim-Tədris Mərkəzində əhalinin, müxtəlif sosial qrupların, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya kommunikasiya texnologiyaları biliklərinin artırılması məqsədilə “İKT sahəsinə açılan qapı”, rəqəmli marketinq sahəsində mövcud olan ən son yeniliklərə dair “Digital Marketinq - özünü internetdə reklam et”, dövlət və özəl qurumların nümayəndələri üçün “Server inzibatçılığı”, “Elektron hökumət” həllərinin istifadəsi barədə gənclər təşkilatlarının rəhbər və nümayəndələrini məlumatlandırmaq məqsədilə “Gənclər və Eelektron hökumət”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının əməkdaşlarına “Elektron Hökumət” portalı və “Elektron imza”dan istifadə” və s. kimi əlaqəli mövzular üzrə ödənişsiz kurslar təşkil edilmiş, həmçinin fiziki məhdudiyyəti olan şəxslər, şəhid ailələrinin üzvləri və aztəminatlı ailələr üçün “Hami üçün İKT“ sosial layihəsi çərçivəsində müxtəlif proqram təminatları üzrə təlimlər təşkil edilmişdir.

 

Hazırda respublika üzrə əhalinin hər 100 nəfərinə düşən sabit şəbəkə abunəçilərinin sayı 15-ə, hər 100 ailəyə düşən abunəçilərin sayı 63-ə, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 106-ya bərabərdir. Əhalinin 78%-i internet, 72%-i isə genişzolaqlı internet istifadəçisidir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi 2017-2018” hesabatına əsasən, Azərbaycan 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdə qərarlaşmış və bu göstərici ilə dünyanın orta göstəricisini 1.7 dəfə, MDB ölkələrinin orta göstəricisini isə 1.2 dəfə qabaqlayır.

 

Hesabat dövründə hüquqi şəxslərə stasionar telefon rabitəsi xidməti üçün 10 000 ədəd  yeni prefiks, müraciət və sorğuların cavablandırılması üçün 6 ədəd üçrəqəmli və 10 ədəd dördrəqəmli nömrə ayrılmışdır. Həmçinin müxtəliftipli avadanlıqların mülki dövriyyəsinə 216 ədəd xüsusi icazə, müxtəliftipli telekommunikasiya vasitələri və qurğularına isə 1611 ədəd “Uyğunluq sertifikatı” verilmişdir.

Xidmət növlərinin çeşidinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yeni “PoçTap” layihəsinin icrasına başlanılmış və layihənin reallaşdırılması ilə ölkə ərazisində itən sənədlərin sahiblərinə çatdırılması üçün əlverişli şərait yaradılmışdır.

 

Hesabat dövrü ərzində əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə 12 poçt şöbəsi və 5 poçt agentliyi açılaraq əhalinin istifadəsinə verilmiş, eləcə də poçt-maliyyə xidmətlərinin təşkili üzrə infrastrukturun genişləndirilməsi sahəsində bir sıra əlavə  tədbirlər görülmüşdür.

2017-ci il ərzində ölkə ərazisində yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə respublika ərazisinin şimal bölgəsində 3 ədəd rəqəmli televiziya vericisi və 3 ədəd FM radio verici quraşdırılmışdır. Həmçinin rəqəmli televiziya yayımının dayanıqlığının və fasiləsizliyinin təmin edilməsi üçün analoq yayımlardan istismardan çıxarılmış vericilər rekonstruksiya edilərək rəqəmli vericiyə çevrilməklə bölgələrdə 10 ədəd ehtiyat verici quraşdırılmışdır. Televiziya proqramlarının daha müasir formatda yayımının təmin edilməsi üçün 2 televiziya  proqramının (İctimai TV və Xəzər TV) HD yayımı təmin edilmişdir. Hazırda ölkə əhalisinin yaşadığı ərazilərinin 99.6%-i açıq paketli (10-12 TV proqram) rəqəmli televiziya yayımı ilə təmin edilmişdir.

Azərbaycanda yüksək təhlükəsizlik tələblərinə cavab verən “Data Mərkəzi” qurulmuş və TİER III (99,99% etibarlılıq) yüksək təhlükəsizlik sertifikatını əldə etmişdir. Beləliklə, Azərbaycan Cənubi Qafqaz regionunda sertifikatlaşdırılmış “Data Mərkəzi”nə malik ilk ölkə olmuşdur. “Data Mərkəzi” vasitəsi ilə 2017-ci ilin yanvar ayından etibarən dövlət orqanlarına, digər fiziki və hüquqi şəxslərə bulud texnologiyaları (o cümlədən yaddaş, şəbəkə, hesablama və yerləşdirmə) xidmətləri göstərilir. “Data Mərkəz” dövlət və özəl müəssisələri üçün məlumatların etibarlı və sərfəli şərtlərlə qorunması, büdcə xərclərinin qənaət edilməsi, mərkəzləşmə və əlverişli idarəetmə prinsipləri baxımından ən əlverişli həll hesab olunur.

 

Nazirliyin tabeli qurumları tərəfindən həyata keçirilən telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərinin bir mənbədən mərkəzləşmiş qaydada göstərilməsi, quraşdırılmış müasir avadanlıqlar və ödəniş terminalları sayəsində məmur-vətəndaş təmasının minimallaşdırılması, xidmətlərin təşkilində şəffaflığın təmin edilməsi, süründürməçiliyin və vaxt itkisinin qarşısının alınması məqsədilə yeni layihə olaraq “ŞƏBƏKƏ” xidmət mərkəzlərinin fəaliyyətinə başlanılmışdır. İlk “ŞƏBƏKƏ” xidmət mərkəzi 2017-ci ilin fevral ayında Bakı şəhərində fəaliyyətə başlamışdır. Hazırda Bakı şəhərinin Səbail, Binəqədi, Yasamal, Xəzər rayonlarının ərazisində, həmçinin Cəlilabad və Zaqatala rayon mərkəzlərində  “ŞƏBƏKƏ” xidmət mərkəzləri təşkil edilərək xidmətlərin göstərilməsi təmin edilmiş, Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda və Sumqayıt şəhərində “ŞƏBƏKƏ” xidmət mərkəzlərinin təşkili üzrə işlər davam etdirilir.

 

Ölkədə insan hüquq və azadlıqlarının qorunmasını, demokratiyanın inkişafını təmin edən mühüm amillərdən biri elektron idarəçiliyin təşviqidir. Bu baxımdan, respublikada “Elektron hökumət”in formalaşdırılması sahəsində əsaslı işlər görülmüşdür. “Elektron hökumət”in inkişafı ölkədə dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, şəffaflığın təmin olunmasına, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsinə şərait yaratmışdır. "Elektron hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən fiziki və hüquqi şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə imkan verir.

Hesabat dövründə “Elektron Hökumət” portalının fəaliyyətinin təşkili, elektron xidmətlərin təkmilləşdirilməsi, yeni elektron xidmətlərin yaradılması və istifadəyə verilməsi, elektron xidmətlər üzrə tələb olunan sənədlərin azaldılması, dövlət qurumlarının informasiya sistemləri arasında inteqrasiyanın aparılması, informasiya sistem və ehtiyatlarının portala qoşulmasının təmin edilməsi və inteqrasiya olunan dövlət qurumları üzrə müvafiq işlər görülmüşdür. Belə ki, “Elektron Hökumət” portalına inteqrasiya olunan qurumların sayı 91-ə, elektron xidmətlərə müraciət edənlərin sayı 58 milyonu ötmüş, elektron xidmət istifadəçilərinin sayı isə 2 milyon 100 minə çatmışdır. Hesabat ili ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 39 yeni elektron xidmətinin “Elektron Hökumət” portalına inteqrasiyası təmin edilməklə xidmətlərin sayı 437-yə, Portal vasitəsi ilə 9 dövlət qurumu tərəfindən təqdim edilən arayışların sayı isə 2 ədəd artırılaraq 18-ə çatdırılmışdır. Nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan e-imza sertifikatlarının sayı 2017-ci ilin əvvəli ilə müqayisədə 23 322 ədəd artaraq 124 000-ə çatdırılmışdır.

 

2017-ci ildə Elektron ödənişlərin daha rahat və səmərəli şəkildə aparılmasına imkan verən yeni texnoloji avadanlıq olan “e-GovPay” ödəniş terminalının tətbiqinə başlanılmış və sistem üzərindən ödənişlərin aktiv yığımı təmin edilir. 2017-ci ilin yanvar ayı ilə müqayisədə dekabr ayında aylıq yığımların həcmi 21 dəfə artaraq 6,6 milyon manata çatmış və artım tendensiyası davam etməkdədir.  

 

“Mobil hökumət” modelinin ölkəmizdə uğurla tətbiqi məqsədilə “Elektron Hökumət” portalının “Android” əməliyyat sistemində “Mobil tətbiqi” hesabat ilində yenilənmiş, “Elektron arayışlar” bölməsinə 5 yeni elektron arayış əlavə olunmuş və xidmətlərin çeşidi genişləndirilmişdir. Beləliklə, hazırda “Elektron Hökumət” portalının mobil tətbiqi üzərindən 25 adda elektron mobil  xidməti və 11 adda elektron arayış vətəndaşların istifadəsindədir. Mobil tətbiq vasitəsilə müxtəlif ödəniş xidmətləri və cərimələr barədə real vaxt rejimində məlumat alınması təmin edilmişdir.

 

“Elektron hökumət”in elementi və “Elektron hökumət” quruculuğunda yeni inkişaf mərhələsi olan “Açıq Hökumət Məlumatları” üzrə inzibati və qanunvericilik fəaliyyəti aparılmaqdadır. 21 noyabr 2017-ci il tarixində “Açıq Hökumət Məlumatları” portalı - “www.data.e-gov.az”-ın yeni versiyasının təqdimatı keçirilmişdir. “Açıq Hökumət Məlumatları” portalının yeni versiyasında açıq məlumatların sayı artırılaraq 25-dən 654-ə çatdırılmış, vətəndaşlar və biznes strukturları üçün əlçatan edilmiş və “Açıq Hökumət Məlumatları” sahəsinin qanunvericilik əsası hazırlanmışdır.

 

2017-ci ilin oktyabr ayından yeni “Elektron hökumət” televiziya proqramının İctimai Televiziyada yayımına başlanılmışdır. Proqramın məqsədi “Elektron hökumət”in vətəndaşlar üçün yaratdığı üstünlüklər, elektron xidmətlər, onlardan istifadə qaydaları və ölkədə həyata keçirilən “Elektron hökumət” quruculuğu barədə ətraflı məlumat verməklə insanları maarifləndirməkdir.

 

Ölkədə internet və genişzolaqlı xidmətlərin inkişafı beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının, Cornell Universitetinin, Dünya üçün Biznes Məktəbinin ortaq əməkdaşlığı ilə 2017-ci ildə dərc olunmuş “Qlobal İnnovasiya İndeksi 2017” hesabatında Azərbaycan “Qlobal İnnovasiya İndeksi” üzrə əvvəlki mövqeyindən 3 pillə irəliləyərək dünyanın 127 ölkəsi arasında 82-ci yerə yüksəlmişdir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı (2017-2018-ci illər)”na əsasən Azərbaycan “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi” üzrədünyanın 137 ölkəsi arasında əvvəlki mövqeyindən 2 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş və MDB məkanında öz lider mövqeyini qoruyub saxlaya bilmişdir. Həmçinin bu hesabata əsasən innovasiya amili üzrə Azərbaycan əvvəlki mövqeyindən 11 pillə irəliləyərək 33-cü yerə yüksəlmişdir.

 

Azərbaycan Respublikası öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır və Avrasiya məkanında aparıcı rola malik olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Bu sahədə hesabat dövründə zəruri tədbirlər görülmüşdür.

 

Ölkəmiz və region üçün mühüm əlamətdar hadisə olaraq Azərbaycan Pespublikası Prezidentinin və bir sıra ölkə rəhbərlərinin iştirakı ilə 30 oktyabr 2017-ci il tarixində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilmişdir. İlk qatar Bakıdan Qarsa yola salınmışdır. Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi ilə hər iki istiqamətdə multimodal daşımaların həcminin artırılmasında mühüm rol oynayacaqdır.

 

Eyni zamanda, ölkə rəhbərliyinin iştirakı ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının “Ro-Ro” terminalının açılışı olmuş və limanın birinci fazası üzrə tikinti işlərinin 2018-ci ilin ortalarına tamamlanması nəzərdə tutulur.

 

Hesabat dövründə Azərbaycan Respublikasının avtomobil nəqliyyatı kompleksinin beynəlxalq avtomobil nəqliyyatı sisteminə inteqrasiyası, avtonəqliyyat əlaqələrinin və tranzit daşımaların hüquqi bazasının beynəlxalq normalara uyğunlaşdırılması, Asiya, Avropa və əsas dünya bazarları arasında beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yollarda təhlükəsizlik səviyyəsinin və ölkəmizin tranzit potensialının yüksəldilməsi istiqamətində də zəruri siyasət və tənzimləmə işləri həyata keçirilmişdir.

 

Belə ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birlikdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində paytaxtın ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması çərçivəsində ətraf rayon, şəhər və qəsəbələrdən Bakı şəhəri istiqamətində sərnişindaşıma xidmətinin qanunvericiliyin tələblərinə uyğunluğunun, səmərəliliyinin və keyfiyyətinin təmin edilməsi, eləcə də regionlardan və mərkəz istiqamətindən gələn avtobusların bu mərkəzdə cəmlənməsi üçün Nəqliyyat Qovşağı (HUB) yaradılmışdır. Görülmüş tədbirlər nəticəsində paytaxta gələn vətəndaşların öz seçimlərinə uyğun olaraq, həm metrodan, həm dəmiryolundan, həm də HUB-ın ərazisindən BNA tərəfindən təşkil olunmuş müntəzəm avtobuslardan istifadə etməklə Bakı şəhərində lazımi ünvanlara getmələri təmin edilmiş və bu tədbirlər davam etdirilir.

 

Marşrut xətlərində fəaliyyət göstərən köhnə, istismar müddətini keçmiş avtobusların yeniləşdirilməsi üçün ciddi tədbirlərin həyata keçirilməsi üzrə işlər hesabat dövründə də davam etdirilmişdir. Belə ki, ölkənin şəhərlərində şəhərdaxili sərnişin daşınmasını təmin edən marşrutların optimallaşdırılması aparılır, bir-birini təkrarlayan və səmərəsiz avtobus marşrutları ləğv edilir, əhalinin tələbatına uyğun olan digər yeni marşrutların açılması təmin olunur.

 

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində səmərəliliyin artırılması, təhlükəsizlik qaydalarının pozulmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə, həmçinin təhlükəsizliklə bağlı dinamik inkişafa nail olmaq üçün mütəmadi və davamlı olaraq kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq dövlət qurumları ilə birlikdə respublikanın şəhər və rayonlarının inzibati ərazilərində reydlər keçirilmiş və daşıma qaydalarının pozulması ilə əlaqədar 297 sayda İnzibati Xəta protokolu tərtib edilərək icraya yönəldilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sürücülərlə qanunauyğun qaydada daşıma fəaliyyəti göstərmələrinin vacibliyi ilə bağlı təbliğat xarakterli maarifləndirmə işləri aparılmışdır.

 

Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha operativ həll olunması, onların qəbulunun təşkili istiqamətində işlər effektiv həyata keçirilmişdir. Nazirliyin aparatında, tabeli birlik və müəssisələrdə vətəndaşların qəbul olunması, onların daxil olan ərizə, şikayət və digər müraciətlərinin araşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi daim diqqət mərkəzində olmuşdur.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına və təsdiq olunmuş qrafikə uyğun olaraq, əhaliyə göstərilən nəqliyyat, telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri tərəfindən respublikanın 64 şəhər və rayonunu əhatə etməklə 12 görüş keçirilmiş və 197 vətəndaş qəbul edilmişdir. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük qismi yerindəcə həll olunmuş, bəzi müraciətlər isə qeydə alınaraq araşdırılıb həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində əhaliyə göstərilən xidmətlərin dayanıqlılığının və keyfiyyətinin yüksəldilməsi, baş verə biləcək nasazlıqların operativ şəkildə aradan qaldırılması məqsədi ilə nazirliyin 1655 “Çağrı Mərkəzi”nin 24/7 rejimində fəaliyyəti təmin edilmişdir. Hesabat ilində “Çağrı Mərkəzi”nə daxil olan 35 385 müraciətdən 12 091-i şikayət, 23 294-ü  isə sorğu xarakterli olmuşdur.Daxil olan müraciətlərin hamısına baxılmış, vətəndaşlara müvafiq cavab verilmişdir.