Dosta göndər

03.06.2013

Bakı Gələcək Forumu keçirilir

/

 

 

Bakıda Azərbaycan Futuroloqlar Cəmiyyəti və Minilliyin layihəsinin Azərbaycan bölməsi tərəfindən təşkil olunan 1-ci Beynəlxalq Bakı Gələcək Forumu keçirilir.

 

Tədbirdə NASA, ABŞ Milli Elmi Fondu, Google şirkəti, Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Rokki-Maunteyn İnstitutunun ekspertləri iştirak edir.

 

30 yaxın ölkənin nümayəndələrinin qatıldığı foruma dəstəyi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti verir.

 

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov neft-qaz resurslarına malik ölkələr qarşısında dayanan neftdən sonrakı iqtisadi inkişafın necə təmin edilməsi məsələsinə toxunub. Azərbaycanın da neft ölkəsi olduğunu vurğulayan nazir ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, növbəti illər üçün inkişafı müəyyənləşdirən "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gələcək iqtisadi inkişaf xəttinin elm, təhsil və texnologiyaların vəhdəti üzərində qurulduğunu bildirib.


Nazir həmçinin gələcək prioritet istiqamətlərdən söz açaraq, ölkədə insan kapitalının inkişafı, o cümlədən informasiya texnologiyaları mütəxəssisləri üzrə yüksək ixtisaslı kadr hazırlığının diqqət mərkəzində olacağını, qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadi potensialın 2 dəfə, 2020-ci ilə qədər İKT-nin həcminin real iqtisadi artımda payının 4 dəfə genişləndiriləcəyini, ölkə əhalisinin elektron xidmətlərlə əhatə dairəsinin hazırkı 20 faizdən 80 faizə qədər artırılacağını və s. kimi məqsədlərə nail olunacağını diqqətə çatdırıb.

 

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə ölkədə iqtisadi artımla bərabər, 2022-ci ildə havaya atılan karbon emissiyalarının 2 dəfədən çox azaldığını, nazirliyin ölkədə meşələrin bərpası istiqamətində tədbirləri gücləndirdiyini, bunun nəticəsində hazırda Azərbaycanın 11, 8 faizinin meşələrlə əhatə olunduğunu diqqətə çatdırıb.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov son 20 ildə müstəqil dövlətə çevrilən Azərbaycanın qlobal forumların məkanına çevrildiyini qeyd edib. Şöbə müdiri unikal ölkə olan Azərbaycanın mədəniyyət və sivilizasiyanın mərkəzi kimi Qərblə Şərqin qovşağında yerləşdiyini, eyni zamanda ölkəmizdə enerji sektorundan kənarda iqtisadi inkişafa diqqət yetirildiyini də vurğulayıb.

 

Minillik layihəsinin direktoru Jerom Qlenn isə bütün dünyada İKT-nin inqilabi dəyişikliklərə yol açdığını, gələcək dayanıqlı iqtisadi inkişafın bu yeniliklərdən asılı olduğunu bildirib.

 

Monteneqronun elm və bilik naziri Sanya Vlahoviç isə gələcəyin proqnozlaşdırılmasının nəticələrindən söz açıb: "Gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu onu ixtira etməkdir. Bu da yaradıcılıq, innovasiyalar hesabına baş verməlidir. Uğurlu gələcəyə nail olmaq üçün qlobal şəbəkələşmə vacibdir. Bu gün problemləri görməyə və onları həll etməyə kifayət qədər cəsarətli olmalıyıq. Bütün üzləşdiyimiz çətinliklər qlobal xarakter daşıyır. Ona görə də biz onlara qarşı birləşməliyik. Əminəm ki, birləşməklə biz daha yaxşı işləyə və uğurlu nəticələr qazana bilərik".


UNESCO-nun Proqnozlaşdırma Departamentinin rəhbəri Riel Millerin sözlərinə görə, yalnız biliyin bölüşdürülməsi ilə davamlı, təminatlı inkişaf üçün yeni yollar tapmaq, insanlar arasında bərabərliyə, sülhə nail olmaq mümkündür.

 

Oksford Universitetinin professoru, aparıcı futuroloq, ABŞ-da nanotexnologiyalar üzrə araşdırmaçı Erik Drexler də İKT inqilabının bütün dünyada dəyişikliklərə səbəb olduğunu, nanotexnologiyaların İKT-nin əsasını təşkil etdiyini qeyd edib.

 

Forumda yeni texnologiyalar, o cümlədən Azərbaycanda ilk dəfə Qoloqrafik Təqdimat nümayiş etdirilib. Eyni zamanda tədbir çərçivəsində 3D printer də sərgilənib.

 

Daha sonra forum "Gələcəyin iqtisadiyyatında enerjinin rolu, enerji səmərəliliyi", "İKT-nin neft sonrası iqtisadiyyatda strateji rolu", "Nanotexnologiya və gələcək iqtisadiyyatlar" və s. mövzularda təqdimat və panel müzakirələrlə davam edib.