Dünyada informasiya texnologiyalarının sürətli inkişafı və əhalinin daha geniş məlumatlar əldə etməyə olan ehtiyacları televiziya yayım şəbəkəsinin dünyada yeni təşəkkül tapmaqda olan standartlara uyğun yenidən qurulmasını zəruri etmişdir.
XX əsrin 80-ci illərindən başlayaraq bütün inkişaf etmiş ölkələrdə aparılmış elmi araşdırmaların nəticələri və analoq televiziya yayımında meydana gələn bir sıra problemlər rəqəmli televiziya yayımına keçilməsi ideyasını ortaya qoydu və XX əsrin sonlarına yaxın bu sistemin tətbiqi istiqamətində işləri sürətləndirdi.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bu sahə üzrə apardığı araşdırmaların nəticəsi olaraq 2006-cı ilin may ayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Regional Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq qərarlar qəbul edilmiş və 2015-ci ilədək bu keçidin başa çatdırılması barədə razılıq əldə olunmuşdur.
Ölkəmizdə rəqəmli televiziya yayımına keçidi zəruri edən başlıca amil televiziya yayımında keyfiyyətə olan tələbat, məhdud tezlik resurslarından səmərəli istifadə olunması və mobil televiziyaya ehtiyacın olmasıdır.
Hazırda ölkədə dövlət televiziya və radio proqramlarının əhali üzrə əhatə faizi 100%-ə yaxın, ictimai, özəl TV və radio yayımlarının əhatə faizi isə təxminən 85-95% təşkil edir. Analoq yayımla paralel olaraq DVB-T standartlı rəqəmli TV yayımı respublika ərazisində təşkil olunub və şəbəkə genişləndirilməkdədir.
Layihənin həyata keçirilməsinin məqsədi mərhələ-mərhələ ölkənin bütün ərazisində televiziya yayımının analoq standartından rəqəmli standarta keçidini təmin etməkdən ibarətdir. Rəqəmli yayıma keçid genişçeşidli və irihəcmli məlumatların böyük sürətlə və yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasına imkan verəcəkdir.
Dünyada gedən proseslərə uyğun olaraq, Azərbaycanda da bu yayım üsuluna keçid üzrə sınaq yayımına 2004-cü ildə başlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274s saylı 13.09.2006-cı il tarixli sərəncamına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilmiş və Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq edilmişdir.
Qeyd edirik ki, 2014-cü ilin sonundan başlayaraq, ölkədə analoq TV proqramlarının yayımının mərhələlərlə dayandırılması nəzərdə tutulur.
Hazırda Bakı, Gəncə, Lerik, Astara, Gülüstan (Ağsu), Poylu (Ağstafa), İmişli, Şəki, Təpəcənnət (Şəki), Danaçı (Zaqatala), İvanovka (İsmayıllı), Mingəçevir, Şirvan, Əhmədbəyli (Füzuli) və digər TV stansiyalar daxil olmaqla quraşdırılmış 91 rəqəmli TV vericilər vasitəsilə respublikada əhali yaşayan ərazilərin təxminən, 97%-i açıq paket (10 TV proqram - AzTV, İTV, İdman, Mədəniyyət, ANS, Lider, Space, ATV, Xəzər, TRT1) rəqəmli DVB-T MPEG-4 standartlı TV yayımla əhatə edilmiş və analoq yayımla paralel rəqəmli yayım həyata keçirilir. Belə ki, respublikanın bütün şəhər və rayon mərkəzləri və ətraf yaşayış məntəqələri açıq paketli rəqəmli televiziya yayımı ilə təmin edilmişdir. Həmçinin, Naxçıvan MR-də 2012-ci ilin əvvəlindən açıq paketlə rəqəmli yayım həyata keçirilir.
Respublikada rəqəmli TV proqramların qəbulu üçün əhali tərəfindən rəqəmli televizor və ya qəbuledici/çevirici qurğulardan (set-top boks) istifadə edilməsi zəruri hesab olunur. Hazırda ölkədə rəqəmli çevirici qurğuların istehsalına başlanılmış və eyni zamanda xaricdə istehsal olunan çevirici qurğu və televizorların da respublikada satışı həyata keçirilir.
Televiziya proqramları ilə yanaşı, əlavə xidmətlər üzrə məlumatların (hava haqqında məlumat, nəqliyyatın hərəkət cədvəli, reklamlar və s.) ötürülməsi və müxtəlif dillərdə sinxron səs müşayiəti imkanları yaranacaqdır.
Məlumat üçün bildiririk ki, “Teleradio” İstehsalat Birliyi 2012-ci ildən başlayaraq, Gəncə şəhərində çoxproqramlı rəqəmli televiziya paketlərinin kommersiya yayımını həyata keçirir. Öncə DVB-T standartında təşkil edilən yayım, 2014-cü ildən başlayaraq, DVB-T2 standartına keçirilib. Kommersiya yayımının həyata keçirilməsi nəticəsində, Gəncə şəhərinin və ətraf ərazilərin (Samux, Yevlax, Göygöl, Mingəçevir, Şəmkir, Goranboy, Göygöl r-nu və s.) əhalisi Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrin kiçiklər və böyüklər üçün nəzərdə tutulmuş 90 ədəd müxtəlif televiziya proqramını izləmək şansı əldə ediblər. İstifadəçi sayının artırılması üçün kommersiya yayımının qiyməti əhalinin sosial durumuna nəzərən uyğunlaşdırılmışdır.
Bundan başqa, “Teleradio” İstehsalat Birliyi tərəfindən 2014-cü ildən başlayaraq, Quba rayonunda ilk dəfə olaraq DVB-T2 standartlı çoxproqramlı rəqəmli televiziya paketlərinin kommersiya yayımı həyata keçirilir. Nəticədə, Quba rayonu ilə yanaşı, Qusar, Xaçmaz, Dəvəçi və s. ətraf rayonların əhalisi də, Azərbaycan və xarici ölkələrin 60-dan çox müxtəlif televiziya proqramlarını izləmək imkanı əldə edir. Kommersiya fəaliyyətinin davamı olaraq, respublikanın Cənub və Şəki-Zaqatala bölgəsində də, “Teleradio” İB tərəfindən kommersiya yayımının təşkil edilməsi nəzərdə tutulub. “Teleradio” İB-yə məxsus Bakı Teleqüllə kompleksindən isə Bakı və Abşeron yarımadası ərazisində “ATV+” şirkətinin DVB-T2 standartlı kommersiya yayımı həyata keçirilir.