Dosta göndər

Mərkəzləşmiş avtomatik radiomonitorinq sistemi

 

Mövcud radiomonitorinq sistemi

 


Azərbaycan Respublikası ərazisində mülki məqsədlər üçün nəzərdə tutulan ümumi tezlik spektrinə nəzarətin həyata keçirilməsi, radio-elektron vasitələrin normal işləməsi üçün onların tezlik daşıyıcılarının tənzimlənməsi və nəzarəti həyata keçirilir. İlk olaraq 1970-ci ildən formalaşmağa başlamışdır. Hazırda respublika üzrə radiomonitorinq işlərinin həyata keçirilməsi məqsədi ilə Bakı şəhərində 3, regionlarda 5 regional və 4 köməkçi efirə radionəzarət məntəqələri və 1 ədəd mobil stansiya, həmçinin portativ tipli müxtəlif analizatorlardan təşkil olunmuş radiomonitorinq sistemi fəaliyyət göstərir. Mövcud radiomonitorinq sistemi 3 QHs-yə qədər tezlik diapazonunda işləyən REV-in monitorinqinin aparılmasına imkan verir.

Mərkəzləşmiş avtomatik radiomonitorinq sistemi

Lakin mövcud radiomonitorinq sisteminin imkanları 3 QHs-dən yuxarı tezlikli radiosiqnalların qəbulu, geniş tezlik zolaqlı radiosiqnalların analizi, stasionar və mobil radiomonitorinq məntəqələrinin bir mərkəzdən avtomatik idarə olunması, efirə qeyri-qanuni çıxan tezlik siqnallarının avtomatik olaraq aşkarlanması, onların yerinin avtomatik təyin olunması üçün yetərli deyildir.

Layihənin təsviri

Respublikada və dünyada genişzolaqlı, yüksəktezlikli radiorabitə sistemlərinin qurulması, ölkəyə gətirilən tezlikşüalandırıcı radioelektron vasitələrin sayının böyük sürətlə artması mövcud radiomonitorinq sisteminin tam şəkildə yenidən qurulmasını zəruri etmişdir. Bu məqsədlə inkişaf etmiş dünya ölkələrinin təcrübələri öyrənilərək, Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə cavab verən, mülki məqsədlər üçün nəzərdə tutulan Mərkəzləşdirilmiş Avtomatik Radio-monitorinq Sisteminin ilkin texniki şərtləri hazırlanmışdır.
Mərkəzləşdirilmiş avtomatik radiomonitorinq sisteminin tərkib hissəsi olan İdarəetmə mərkəzi Bakı şəhərində qurulacaq və mərkəzin regional məntəqələri (stansiyalar) ilə əlaqəsi GSM, İnternet, kabel (optik və s.), RRX və ya peyk rabitə sistemlərindən istifadə olunmaqla təmin ediləcəkdir. Radiomonitorinq stansiyalarından alınan məlumatlar mərkəzin serverinə və oradan mərkəzdə yaradılan müvafiq işçi yerlərinə ötürüləcəkdir. İdarəetmə mərkəzindən istənilən radiomonitorinq stansiyasının birbaşa idarə edilməsi nəzərdə tutulur.
Regional radiomonitorinq stansiyaları respublikanın coğrafi relyefinə uyğun olaraq bölgələrdə qurulur. Regional stansiyanın İdarəetmə mərkəzi ilə köməkçi, xidmət olunmayan və mobil stansiyalarla rabitə əlaqəsi qurulur. Alınan və ötürülən məlumatlar stansiyanın serverinə daxil edilir və serverdən müvafiq işçi yerlərinə ötürülür.

Layihənin məqsədi

Yeni beynəlxalq standartlara və tövsiyələrə cavab verən Mərkəzləşdirilmiş avtomatik radiomonitorinq sisteminin qurulmasının məqsədi aşağıdakılardan ibarətdir:

  • Respublikada mülki məqsədlər üçün nəzərdə tutulan ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin həyata keçirilməsi, yüksəktezlikli (3 QHs-dən yuxarı) radiosiqnalların qəbulu
  • Geniş tezlik zolaqlı siqnalların analizi
  • Radiomonitorinq şisteminin tərkib hissələri olan stasionar və mobil monitorinq stansiyalarının vahid bir mərkəzdən avtomatik idarə olunması
  • Efirə qeyri-qanuni yayımlanan tezlik siqnallarının avtomatik olaraq aşkarlanması
  • Tezlikşüalandırıcı vasitələrin yerinin çevik və avtomatik olaraq təyin olunması
  • Respublikada geostasionar orbitə buraxılması planlaşdırılan yeni telekommunikasiya peyklərindən və digər ölkələrə məxsus peyklərdən yayımlanan radio-televiziya və peyk rabitə kanallarının, aşağı orbital mövqelərdə yerləşən və yerin məsafədən tədqiqi, zondlanması üçün nəzərdə tutulan peyklərdən (DZZ peykləri) ötürülən peyk rabitə kanallarının texniki parametrlərinin analizi
  • Qonşu dövlətlərdən respublika ərazisinə yayımlanan tezlik siqnallarının vaxtında aşkarlanması və analizi.

Gözlənilən nəticələr 

  • Radiomonitorinq sisteminin avtomatlaşdırılması
  • Təbii məhdud resurs olan tezlik spektrindən səmərəli istifadə
  • Radiomonitorinqin funksional və texniki imkanlarının genişləndirilməsi
  • Radiotezlik resurslarının istifadəsinin real vəziyyətinin qiymətləndirilməsi
  • Radiotezlik resurslarından istifadəyə görə ödənişlərin qeydiyyatının və nəzarətin avtomatikliyinin təmin olunması
  • Mübahisəli məsələlərin həllində radiomonitorinqin nəticələrinin əsas götürülməsi
  • Əl əməyinin və səhvlərin azaldılması
  • Çeviklik və vaxta qənaət
  • Ölkənin informasiya təhlükəsizliyinin qorunması.