Dosta göndər

İlk milli telekommunikasiya peyki

 

 

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” ölkə başçısının sərəncamı, həmçinin, “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət proqramının təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına xüsusi zəmin yaratmışdır.

 

Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir.

 

“Azerspace-1”

 

Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18:36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01:36) orbitə buraxılmışdır.

 

ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunan və Fransanın “Arianespace” şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5″ raketdaşıyıcısı ilə orbitə buraxılan “Azerspace-1” peyki raket kosmodromdan qalxdıqdan təqribən 35 dəqiqə sonra raketin gövdəsindən ayrılmışdır.

 

“Azerspace-1” peyki “Orbital Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi “STAR-2” peyk platforması əsasında yığılmışdır.

 

Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub.

 

Yerüstü infrastruktur  

Telekommunikasiya peykinin və aşağıorbitli peyklərin idarə edilməsi məqsədilə Bakıda və Naxçıvanda inşa edilmiş, müasir standartlara uyğun və tam təchizatlı əsas və ehtiyat yerüstü peyk idarəetmə mərkəzləri 2013-cü ilin 8 fevral tarixindən etibarən, “Azerspace-1” peyki orbitə buraxıldıqdan sonra tam istifadəyə verilmişdir.

 

Peykin idarəsi və istismar edilməsi “Azərkosmos” ASC-də çalışan Azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcəkdir. Müxtəlif yerli və xarici ali məktəblərdə təhsil almış bu mütəxəssislər mütəmadi olaraq xarici  ixtisasartırma kurslarında və müxtəlif təlimlərdə iştirak edir, texniki hazırlıq səviyyələrini artırmaq üçün daim iş aparırlar.

Gözlənilən nəticələr 

 “Azerspace-1” peykinin vəd etdiyi üstünlüklər

Ümumi üstünlüklər:

  • İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı
  • İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi
  • Yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi
  • Nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması
  • Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsi
  • Azərbaycanın İKT üzrə regional mərkəzə çevrilməsi Ölkə iqtisadiyyatının telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsinin təmin edilməsi və telekommunikasiya infrastrukturun inkişaf etdirilməsi
  • Teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformaları
  • Ölkənin ən ucqar yaşayış məntəqələrində belə internetə qoşulmanın, elektron dövlət, təhsil, səhiyyə və digər xidmətlərin həyata keçirilməsininin təmin edilməsi
  • Ölkənin mümkün informasiya blokadası riskindən qorunması və informasiya müharibəsində Azərbaycanın mövqelərin möhkəmlənməsi
  • Telekommunikasiya peyk xidmətlərinə görə xarici ölkələrə ödənilən maliyyə axınının Azərbaycan iqtisadiyyatına yönəldilməsi və peyk tutumlarının xaricə satılması

 

 

Spesifik üstünlüklər:

  • Peyk rabitəsinin əhəmiyyəti. (Alternativlik rabitə üçün vacib məqamdır və ölkəmizdə hazırkı rabitə infrastrukturuna yeganə alternativ olaraq peyk rabitəsinin əhəmiyyəti böyükdür. Azərbaycan kimi dağlıq ərazilərdə yerləşən ölkələrdə yüksək keyfiyyətli və nisbətən daha ucuz başa gələn rabitə əlaqəsinin təmin edilməsi üçün peyk rabitəsinin əhəmiyyəti böyükdür)
  • Peykin istismara verilməsi bütün ölkə ərazisinin keyfiyyətli və sürətli internet xidmətləri ilə təmin edilməsinə əlavə təkan verəcəkdir.
  • Peykin istismara verilməsi nəticəsində xərclərin azalması ilə əlaqədar rabitə xidməti tariflərinin mümkün azalması müşahidə olunacaqdır.
  • Peyk ölkə ərazisində rəqəmli televiziya yayımının daha yüksək keyfiyyətlə təşkilini mümkün edəcək, yüksək keyfiyyətli televiziya (HD) yayımının təşkilinə dəstək olacaqdır.
  • Peyk ən ucqar məntəqələri belə əhatə etməklə, dövlət ilə vətəndaşlar arasında maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə sisteminin yaradılması və “Elektron hökumət”in daha üstün keyfiyyətlə təşkili üçün vacib infrastruktur olacaqdır.
  • Peyk rabitəsi ölkəmizdə məsafədən (distant) təhsil və e-səhiyyə xidmətlərinin təşkilinə əlavə dəstək verəcəkdir.
  • Peyk həmçinin mürəkkəb geoloji və coğrafi mövqeyə malik ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və fövqəladə hadisələrin daha səmərəli idarə edilməsinə töhfə verəcəkdir.
  •  

 

Peyk üzərindən yayımlanan kanallar

“Azərkosmos” ASC tərəfindən “Azerspace-1” peyki üzərindən yayıma cəlb edilmək məqsədilə davamlı olaraq dünyanın bir çox ölkələrinin televiziya kanalları ilə danışıqlar aparılır. 2014-cü ilin iyul ayının 1-nə olan məlumata görə, peyk üzərindən 100-ə yaxın televiziya və 20-dək radio kanalı yayımlanmaqdadır.

 

Növbəti peyk layihələri

Milli kosmik sənayenin inkişafı məqsədilə qarşıdakı illərdə ölkənin daha bir neçə süni peykinin hazırlanaraq orbitə buraxılması nəzərdə tutulmuşdur ki, bu istiqamətdə də “Azərkosmos” ASC tərəfindən əməli fəaliyyət həyata keçirilməkdədir. Belə ki, cəmiyyət tərəfindən ölkədə kosmik müşahidə geoinformasiya xidmətləri sahəsinin yaradılması və inkişafı məqsədilə ilk aşağıorbitli Yerin kosmosdan müşahidəsi peykinin ərsəyə gətirilməsi məqsədilə dünyanın bu sahədə ixtisaslaşmış şirkətləri ilə intensiv danışıqlar aparılır. Bundan əlavə, Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2” layihəsi üzərində də iş gedir. Proqnozlara əsasən, hər iki peykin müvafiq olaraq 2016 və 2017-ci illərdə orbitə buraxılacağı gözlənilir. Azərbaycanın “Azerspace-1” kosmik peykini orbitə çıxarmaqla peyk operatoru kimi uğurunu təsbit etmiş “Azərkosmos” ASC aşağıorbitli peykin orbitə buraxılması ilə kosmik müşahidə xidmətləri bazarına daxil olmağı planlaşdırır.