Dosta göndər

Dilmanc

Layihə haqqında 

Layihənin rəsmi internet ünvanı – www.dilmanc.az
 

 

Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün linqvistik texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. Layihədəki əsas elmi tədqiqat istiqamətləri aşağıdakılardır:

 

  • Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə sistemlərinin yaradılması
  • Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılması
  • Azərbaycan dili üçün mətnin səsləndirilməsi sisteminin yaradılması
  • Telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin yaradılması

 

Layihənin əsas prioritetlərindən biri də bu texnologiyaların istifadəçilər tərəfindən praktik istifadəsini təmin etmək üçün proqram təminatının hazırlanmasıdır.

 

Avtomatik tərcümə və lüğət sistemləri

İngilis, rus və Azərbaycan dilləri arasında tərcümə və lüğət sistemləri yaradılaraq onlayn servis kimi istifadəyə verilmişdir. Bu sistemlər həm “dilmanc.az” saytındakı tərcümə portalında, həmçinin mobil telefonlara yüklənərək istifadə edilə bilər.

 

Nitqin tanınması sistemi

Azərbaycan dili üçün şifahi nitqi avtomatik olaraq yazıya çevirə bilən “Dilmanc İmla” sistemi yaradılmış, “Windows” və “Android” əməliyyat sistemləri üçün proqram şəklində istifadəyə verilmişdir.

 

Mətnin səsləndirilməsi sistemi

Azərbaycan dili üçün kompüterə daxil edilmiş mətni insan səsi ilə oxuya bilən sistem yaradılaraq “dilmanc.az” saytında və mobil telefonlarda istifadəyə verilmişdir.

 

Mobil tərcüməçi

Yuxarıdakı sistemlərin birləşməsi olaraq, mobil telefonlarda şifahi nitqi Azərbaycan, ingilis və rus dilləri arasında avtomatik tərcümə edən proqram hazırlanaraq pulsuz istifadəyə verilmişdir.

 

Səslə idarə olunan kompüter

Gözdən əlillər üçün səslə idarə olunan və istifadəçiyə səsli cavab verən mobil kompüter hazırlanmış və istifadəçilərə paylanmışdır (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Heydər Əliyev Fondunun birgə layihəsi)

 

Layihənin nailiyyətləri

Hal-hazırda layihədə nəzərdə tutulmuş elmi tədqiqat istiqamətlərinin hər biri üzrə praktik nəticələr əldə olunmuş və onların keyfiyyətinin artırılması üzərində işlər gedir.

 

Yuxarıdakı texnologiyaların yaradılması sahəsində aparılmış tədqiqatların nəticəsində layihə qrupu bir çox elmi nailiyyətlərə imza atmış, bu nailiyyətlər bir çox beynəlxalq elmi konfranslarda təqdim edilmiş və nüfuzlu elmi jurnallarda çap edilmişdir.

 

Avropa Maşın Tərcüməsi Assosiasiyası da “Dilmanc” layihəsini Avropa tədqiqat qrupları siyahısına daxil etmişdir.

 

Layihə qrupu üzvlərinin elmi məqalələri nüfuzlu “IEEE” təşkilatının elektron kitabxanasına, “mt-archive.info” saytına və digər kitabxanalara daxil edilmişdir.

 

Layihənin rəhbəri Ə.Fətullayev 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən əməkdar mühəndis fəxri adı ilə təltif olunmuşdur.

 

Layihə qrupunun üzvü R.Fətullayevin bioqrafiyası 2010-cu ildə ABŞ-ın nüfuzlu "Marquis Who's Who in Science and Engineering" nəşrinə daxil edilmişdir.

 

Layihə çərçivəsində yaradılmış texnologiyalar bir çox beynəlxalq sərgilərdə uğurla təqdim olunmuşdur. İsveçrədə keçirilən “ITU Telecom World”, Almaniyada keçirilən “CeBIT”, Türkiyədə “CeBIT Bilişim”, Rusiyada keçirilən “Svyaz Ekspokomm”, Bakıdakı “Bakutel” və digər sərgilərdə bir çox nüfuzlu dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, şirkət rəhbərləri və digər qonaqlar bu texnologiyalarla tanış olmuşlar. Bu şəxslər arasında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, BMT baş katibi Pan Gi-Mun, Beynəlxalq Telekommunikasiya İttifaqının sədri Hamadun Ture və digər şəxslər olmuşdur.

 

Layihənin digər mühüm nailiyyəti də linqvistik texnologiyaların yaradılması sahəsində gənc milli kadrların hazırlanmasıdır. Layihə qrupu üzvlərinin bəziləri bu sahədə elmi tədqiqatlarının nəticələrini elmi jurnallarda çap etdirmiş və hal-hazırda bu sahədə dissertasiya müdafiə etməyə hazırlaşırlar.