Dosta göndər

Radio-TV yayımı

 

Azərbaycanda radio yayımına ilk dəfə 1926-cı il noyabrın 6-da, televiziya yayımına isə 1956-cı ilin fevral ayının 14-də başlanılıb.

 

Hazırda ölkə ərazisində FM radio yayımı və DVB-T/T2 standart rəqəmli yerüstü televiziya yayımı həyata keçirilir.

 

Ümumrespublika FM radio proqramları ölkənin əksər ərazilərində yayımlanır və tələbata uyğun radio proqramlarının əhatə dairəsi genişləndirilir. Hazırda “Azərbaycan” radiosu ölkə ərazisinin 99,0 %-ni, ”İctimai” radio 93 %-ni, “Araz FM” 88 %-ni, “Space FM” 45 %-ni, “Lider (Jazz) FM” 80 %-ni, “Bürc FM” 75 %-ni, “Anten FM” 80 %-ni, “106 FM” 35 %-ni, “Azad Azərbaycan FM” 70 %-ni, “Xəzər FM” 65 %-ni, “Media FM” 76 %-ni, “Avto radio FM” 25 %-ni və “Asan FM” 30 %-ni əhatə edir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274 s saylı 13 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib və Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq olunub. Bu proqrama əsasən ölkə ərazisində rəqəmli televiziya yayımına keçidlə əlaqədar müvafiq tədbirlər görülmüşdür.

 

Azərbaycan Respublikasında rəqəmli televiziya yayımına keçidlə əlaqədar ilk dəfə 2004-cü ildə Bakı Teleqüllə Kompleksində test işlərinə başlanılıb və MPEG-2 standartında 4 TV proqramının yayımı test edilmişdir. 2008-ci ildə isə Bakı şəhərində MPEG-4 standartlı TV yayımın test işlərinə başlanılmışdır. 2009-cu ildən etibarən  Bakı şəhəri və ətraf ərazilərdə MPEG-4 standartında 12 TV proqramın yayımının həyata keçirilməsinə başlanılmış və əhalinin 35%-i rəqəmli TV-ni qəbul etmək imkanına malik olmuşdur. 2010-cu ildə ölkə ərazisində rəqəmli TV yayım şəbəkəsi genişləndirilərək, Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və respublikanın cənub bölgəsini əhatə etmiş və ölkə əhalisinin 55%-i rəqəmli TV ilə əhatə olunmuşdur.

 

Hazırda ölkədə əhali yaşayan ərazilərin 99.6%-i 10–12 TV proqramdan ibarət açıq paketli rəqəmli TV yayımla əhatə edilib. Bundan başqa, Gəncə, Quba və Lənkəran rayonlarında və ətraf ərazilərdə ödənişli əsaslarla çoxproqramlı rəqəmli TV yayım xidməti də göstərilir.

 

Rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.

 

Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixindən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş  27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərara uyğun olaraq, ölkə ərazisində analoq TV yayımlar 20 dekabr 2016-cı il tarixində dayandırılmış və rəqəmli TV yayımına keçid tam başa çatdırılmışdır. Rəqəmli televiziya yayımı haqda ətraflı məlumat www.dvbt.az saytından əldə oluna bilər.

 

Ümumrespublika radio və televiziya proqramları yerüstü rəqəmli TV yayımı ilə yanaşı, “Azerspace-1” peykindən də yayımlanır. 

 

“Teleradio” İstehsalat Birliyi DVB-S, DVB-T/T2 və HDTV xidmətləri ilə yanaşı, İPTV xidməti də göstərir. Bu məqsədlə baş stansiyada proqramların istənilən dövlət müəssisəsinə, internet provayderə və mobil operatora ötürülməsi üçün hər cür texniki imkan mövcuddur. Baş stansiyada peykdən qəbul edilən MPEG-2 formatlı proqramlar İPTV platformasına daxil edilir, yerli və xarici olmaqla, 180-dən çox müxtəlif formatlı (MPEG-4 Layer II, AC-3, Dolby Digital) proqramlar  fiber-optik xətt vasitəsilə müvafiq ünvanlara ötürülür.