İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsi

 

1.

Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – Nazirlik) aparatının dövlət qulluğu və əmək qanunvericiliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqini, Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumlarında insan resurslarının idarə edilməsi üzrə fəaliyyətin əlaqələndirilməsini təmin edən struktur bölməsidir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.3.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, qurumları eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.

Şöbənin fəaliyyət istiqamətləri

 

2.0.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.0.1.

insan resurslarının inkişafı üzrə tədbirlər sistemini hazırlayaraq həyata keçirir, o cümlədən müvafiq sahədə yüksəkixtisaslı kadrlara olan tələbatı öyrənir, kadr hazırlığını təmin edir, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

 

2.0.2.

Nazirliyin qurumlarında dövlət qulluğu sahəsinə və əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə ümumi nəzarəti həyata keçirir;

 

2.0.3.

Nazirliyin qurumlarında dövlət qulluğu və kadr işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir;

 

2.0.4.

müvafiq sahənin inkişafını təmin edir;

 

2.0.5.

qanunvericiliyə uyğun olaraq nazir tərəfindən ona həvalə olunmuş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin vəzifələri

 

3.0.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.0.1.

fəaliyyət istiqamətləri üzrə təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

 

3.0.2.

Nazirliyin kadr təminatının proqnozlaşdırılmasını, ehtiyat kadrların formalaşdırılmasını, dövlət qulluqçularının şəxsi işinin aparılmasını, insan resurslarının idarə edilməsi sahəsində işlərin təşkilini və həyata keçirilməsini təmin etmək;

 

3.0.3.

aidiyyəti qurumlarla birlikdə əməkdaşların təlim ehtiyaclarını müəyyən etmək, peşəkarlığının artırılması, etik davranış və əmək intizamı məsələləri üzrə tədbirlər (görüş, seminar, təlim, treninq və s.) təşkil etmək;

 

3.0.4.

əməkdaşların peşə hazırlığı, təkrar hazırlığı və ixtisasın artırılması sahəsində Nazirliyin digər mərkəzi icra hakimiyyəti orqanları ilə fəaliyyətini əlaqələndirmək, bu sahədə işlərin vəziyyətini təhlil etmək və təkliflər hazırlamaq;

 

3.0.5.

dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyəti üzrə vaxtında təqdim olunması, həmçinin yardımçı vəzifələrin və dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün zəruri tədbirlər görmək;

 

3.0.6.

dövlət qulluqçuları reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görmək və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında rəsmi məlumatların Dövlət Reyestrini aparan dövlət orqanına və qurumuna hər ay verilməsini təmin etmək;

 

3.0.7.

əməkdaşların xidməti fəaliyyəti haqqında məlumatlar toplamaq, yeniləmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularına ilkin və növbəti ixtisas dərəcələrinin verilməsi, dövlət qulluğu və əmək münasibətləri ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək;

 

3.0.8.

müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar və digər sənədlər hazırlamaq, onların həyata keçirilməsini təşkil etmək;

 

3.0.9.

əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi və attestasiyası işini təşkil etmək;

 

3.0.10.

xidməti fəaliyyətin qiymətləndirilməsi prosesinə ümumi nəzarət etmək;

 

3.0.11.

Nazirliyin rəhbərliyini insan resurslarının idarə edilməsi vəziyyəti və əməkdaşların xidməti fəaliyyəti, əmək intizamı haqqında məlumatlarla təmin etmək;

 

3.0.12.

effektiv və davamlı kadr siyasətinin həyata keçirilməsini, insan resurslarının idarə edilməsində obyektivliyi, bərabərliyi, qərəzsizliyi və şəffaflığı təmin etmək;

 

3.0.13.

əməkdaşların bir işdən başqa işə keçirilməsi haqda Nazirliyin qurumlarının rəhbərlərinin təkliflərini və əməkdaşların müraciətlərini qanunvericiliyə müvafiq həll etmək;

 

3.0.14.

əməkdaşlara əmək kitabçalarının verilməsi, onların doldurulması və qeydiyyatının aparılması, həmçinin saxlanması ilə bağlı tədbirlər görmək;

 

3.0.15.

hərbi qeydiyyat və təxsisləmə işlərini aparmaq;

 

3.0.16.

qanunvericiliyə müvafiq olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi, onların qeydiyyatının aparılması, iş yeri haqqında arayışların verilməsi, ezamiyyətə göndərilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması ilə bağlı tədbirlər görmək;

 

3.0.17.

Nazirliyin aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəhbərləri ilə birlikdə dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarını hazırlamaq;

 

3.0.18.

Nazirliyin qurumlarında kadr işinin aparılmasına əməli və metodiki rəhbərliyi həyata keçirmək, aidiyyəti üzrə bu işlərin təşkilinə nəzarət etmək;

 

3.0.19.

pensiya təminatı məqsədilə Nazirliyinin əməkdaşlarının müvafiq sənədlərinin aidiyyəti üzrə hazırlanmasını təmin etmək, əməkdaşlara dövlət təltiflərinin, fəxri adların və “əmək veteranı” adının verilməsi üçün aidiyyəti üzrə təkliflər vermək;

 

3.0.20.

ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən vətəndaşların təntənəli şəraitdə andiçmə mərasiminin Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada keçirilməsini təşkil etmək;

 

3.0.21.

insan resurslarının inkişafı və potensialının artırılması üzrə fəaliyyət göstərən təşkilatlarla, o cümlədən elmi təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığı həyata keçirmək;

 

3.0.22.

Nazirliyin, habelə nazirliyin strukturuna daxil olan qurumların və tabeliyində olan qurumların əməkdaşlarının etik davranış qaydalarına və əmək intizamına əməl olunmasına, o cümlədən davamiyyətə nəzarəti həyata keçirmək;

 

3.0.23.

etik davranış və əmək intizamı qaydalarını pozmuş əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə zəruri tədbirləri həyata keçirmək;

 

3.0.24.

Nazirliyin qurumlarında ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin (bundan sonra - tələbələr) təcrübə keçməsini təşkil etmək;

 

3.0.25.

fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;

 

3.0.26.  

aidiyyəti üzrə Nazirliyin fəaliyyət sahəsinin inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsini təmin etmək;

 

3.0.27.

şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövri hesabatları hazırlamaq;

 

3.0.28.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

Nazirliyin qurumları tərəfindən normativ hüquqi aktların, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici sənəd layihələrinin hazırlanmasında aidiyyəti üzrə iştirak etmək və müvafiq təkliflər vermək;

 

4.0.2.

dövlət qulluqçularının tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq, habelə onların peşəkarlığı, idarəçilik təcrübəsi və əmək funksiyalarını yerinə yetirmək sahəsində göstəriciləri nəzərə alınmaqla, onlara ixtisas dərəcələrinin verilməsi məqsədilə müvafiq strukturlarla birlikdə nazirə təkliflər vermək;

 

4.0.3.

fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, Nazirliyin qurumlarının rəhbərlərinə insan resurslarının idarə edilməsi üzrə əməli və metodik tövsiyələr vermək;

 

4.0.4.

Nazirliyin qurumlarında insan resurslarının idarə edilməsi sahəsində səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;

 

4.0.5.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Nazirliyin qurumlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

 

4.0.6.

Nazirliyin qurumları tərəfindən vəzifə təlimatların hazırlanması işinə metodiki və əməli rəhbərliyi həyata keçirmək;

 

4.0.7.

insan resursları sahəsində fəaliyyətin tənzimlənməsi və təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

 

4.0.8.

əməkdaşların seçilməsi və vəzifəyə təyin edilməsi, onların dövlət qulluğuna, əmək müqavilələrinə xitam verilməsi, əməkdaşların rotasiyası, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi, ezam olunması, məzuniyyətə buraxılması, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, habelə insan resurslarının idarə edilməsi ilə əlaqədar sahələrdə tənzimləməni həyata keçirmək;

 

4.0.9.

Nazirlikdə olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üzrə müsabiqə və müsahibələrin keçirilməsində iştirak etmək;

 

4.0.10.

insan resurslarının idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə digər dövlət orqanlarının insan resursları sahəsində fəaliyyəti həyata keçirən qurumları ilə əməkdaşlıq etmək;

 

4.0.11.

Nazirliyin əməkdaşlarına etik davranış və əmək intizamı qaydalarını izah etmək;

 

4.0.12.

Nazirliyin əməkdaşları tərəfindən etik davranış və əmək intizamı qaydalarına əməl edilməsi vəziyyətini öyrənmək və bu barədə məlumatları ümumiləşdirmək;

 

4.0.13.

dövlət qulluqçularının etik davranış məsələləri üzrə dövlət orqanları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək;

 

4.0.14.

əməkdaşların etik davranış qaydaları və əmək intizamına dair müddəaların tələblərinin pozulması halları ilə bağlı monitorinqlər, xidməti araşdırmalar və yoxlamalar aparmaq və onların nəticələri barədə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

4.0.15.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə Nazirliyin qurumlarının əməkdaşlarını, fiziki və hüquqi şəxsləri şöbəyə dəvət etmək, onlardan zəruri məlumat, arayış və izahatlar almaq;

 

4.0.16.

Nazirliyin qurumlarının təkliflərinə əsasən qurumların strukturlarını hazırlayaraq təsdiq üçün nazirə təqdim etmək;

 

4.0.17.

Nazirliyin qurumlarında əməkdaşlar arasında gender bərabərliyinin təmin olunması vəziyyətini öyrənərək təhlil etmək və gender bərabərliyinin təmin olunması məqsədilə Nazirliyin rəhbərliyinə müvafiq təkliflər vermək;

 

4.0.18.

Nazirliyin qurumlarında gender bərabərliyi və gender yönümlü yanaşmanın təşviqi məsələləri ilə bağlı tədbirlər təşkil etmək;

 

4.0.19.

Nazirliyin əməkdaşları arasından tələbələrə təcrübə rəhbərlərinin təyin edilməsi, habelə təcrübə proqramı əsasında təcrübə yerləri barədə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

4.0.20.

Nazirliyin qurumlarında tələbələrin təcrübə keçməsi işinin təşkilinə nəzarət etmək, habelə əməli-metodiki rəhbərliyi həyata keçirmək;

 

4.0.21.

fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, Nazirliyin hüquq və mənafelərini müdafiə etmək;

 

4.0.22.

Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

 

4.0.23.

yüksək ixtisaslı kadrların hazırlanması sahəsində tədbirlər görmək;

 

4.0.24.

insan resurslarının idarə edilməsi işinə aid statistik məlumatları və hesabatları Nazirliyin qurumlarından tələb etmək, onları ümumiləşdirmək və Nazirliyin rəhbərliyinə təqdim etmək;

 

4.0.25.

fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

 

4.0.26.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.3.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.4.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbənin inzibati vəzifə daşıyan əməkdaşlarından biri həyata keçirir.

 

5.5.

Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.6.

Şöbə müdiri:

 

5.6.1.

şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

5.6.2.

şöbənin qarşısında qoyulmuş vəzifələrin icrasını təmin edir;

 

5.6.3.

şöbənin işçiləri tərəfindən əmək intizamına riayət edilməsi və öz vəzifələrini vaxtında və düzgün icra edilməsi üzərində nəzarəti həyata keçirir;

 

5.6.4.

şöbənin işçilərinə icrası məcburi olan göstəriş və tapşırıqlar verir;

 

5.6.5.

şöbənin işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması barədə nazirə təkliflər verir;

 

5.6.6.

şöbədə çalışan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirir;

 

5.6.7.

şöbəni təmsil edir.

 

5.7.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.8.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyırlar.