Təsərrüfat və maddi-texniki təchizat şöbəsi

 

1.

Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Təsərrüfat və maddi-texniki təchizat şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) aparatının maddi-texniki təchizat və maddi resurslardan istifadəni təmin edən struktur bölməsidir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni, digər qanunvericilik aktlarını, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.3.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlarlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.

Şöbənin fəaliyyət istiqamətləri

 

2.0.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.0.1.

müəyyən olunmuş müddət üçün Nazirliyin aparatının və qurumlarının tələb olunan keyfiyyətdə və miqdarda zəruri mallarla təchizatı işini əlaqələndirir;

 

2.0.2.

maddi-texniki təchizat və maddi resursların rasional istifadəsi məsələləri üzrə Nazirliyin aparatının struktur bölmələrinin və qurumlarının fəaliyyətinə təşkilati-metodiki rəhbərliyi və koordinasiya işlərini həyata keçirir;

 

2.0.3.

maddi-texniki təchizatın cari vəziyyəti və inkişafı perspektivləri haqqında analitik informasiya materiallarını hazırlayır və rəhbərliyə təqdim edir;

 

2.0.4.

işin təşkili metodlarını təkmilləşdirir, həmçinin müasir informasiya texnologiyalarının tətbiqini genişləndirir;

 

2.0.5.

qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin vəzifələri

 

3.0.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.0.1.

xərclərin azaldılması məqsədilə maddi resursların rasional istifadəsi üzrə təkliflər vermək;

 

3.0.2.

Nazirliyin aparatı və qurumlarının maddi-texniki təminatı, təmir-istismar tələblərinin cari və perspektiv layihələrini hazırlamaq;

 

3.0.3.

Nazirliyin aparatı və qurumlarının təsərrüfat fəaliyyəti üçün zəruri avadanlıq və materiallar ilə təminatını təşkil etmək;

 

3.0.4.

Nazirliyin aparatının və qurumlarının anbarlarında maddi resursların hərəkətinin uçotu ilə əlaqədar məlumat bazasını yaratmaq;

 

3.0.5.

Nazirliyin aparatının və qurumlarının maddi-texniki təminatı üzrə müvafiq hesabatları hazırlamaq;

 

3.0.6.

qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

 

3.0.7.

şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;

 

3.0.8.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

fəaliyyəti üzrə Nazirliyə daxil olan sənədləri və digər informasiya materiallarını tanışlıq, sistemləşdirilmiş uçot və istifadə məqsədilə əldə etmək;

 

4.0.2.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin aparatının struktur bölmələrinə və qurumlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

 

4.0.3.

Nazirliyin aparatının struktur bölmələrinin və qurumlarının təsərrüfat və maddi-texniki təchizatı ilə əlaqədar məsələlərin baxıldığı iclaslarda iştirak etmək;

 

4.0.4.

fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

 

4.0.5.

Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

 

4.0.6.

fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

 

4.0.7.

müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

 

4.0.8.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.3.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.4.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbənin inzibati vəzifə tutan əməkdaşlarından biri həyata keçirir.

 

5.5.

Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.6.

Şöbə müdiri:

 

5.6.1.

şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

5.6.2.

tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

 

5.6.3.

şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;

 

5.6.4.

şöbə üzrə Nazirliyin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 2-ci bəndində göstərilən normativ-hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

 

5.6.5.

şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;

 

5.6.6.

şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin digər qurumlarından zəruri məlumat və sənədləri alır;

 

5.6.7.

şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

 

5.6.8.

şöbənin səlahiyyətinə aid olan təsərrüfat fəaliyyəti məsələləri barəsində rəhbərlik qarşısında məsələ qaldırır, yerinə yetirilməsini təşkil edir;

 

5.6.9.

vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlayır;

 

5.6.10.

şöbəni təmsil edir.

 

5.7.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.8.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyırlar.