Daxili nəzarət və audit şöbəsi

 

I. Ümumi müddəalar

1.1 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Daxili nəzarət və audit şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) aparatının struktur bölməsidir.

 

1.2

Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin aparatının struktur bölmələri, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra – qurumlar) fəaliyyəti ilə bağlı yoxlama və araşdırmalar aparır, Nazirliyin qurumlarının əməkdaşlarının və digər şəxslərin Nazirliyin inzibati binasına və mühafizə olunan digər yerlərə (bundan sonra – mühafizə olunan yerlər) daxil olarkən buraxılış qaydalarına və təşkilatdaxili rejimə riayət olunmasına, mühafizə olunan yerlərdə mühafizə cihazlarının və sistemlərinin tətbiqinə və istismarına nəzarəti həyata keçirir. 

 

1.3

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra – təşkilati -sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.4.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri və qurumları, mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də sahə üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

 

II. Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.1.1.

Nazirliyin qurumlarında daxili nəzarət tədbirlərini təşkil edir və həyata keçirir;

 

2.1.2.

normativ - hüquqi və təşkilati - sərəncamverici sənədlərlə nəzərdə tutulmuş vəzifə, funksiya və səlahiyyətlərin  Nazirliyin qurumları və əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsi vəziyyətinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədi ilə daxili audit yoxlamaları aparır;

 

2.1.3.

Nazirliyin qurumlarının və əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini əks etdirən məlumatların (müvafiq baza, qeydiyyat kitabları və ya sənədləri, hesabatlar, icmal məlumatlar, protokollar və aktlar, sənəd dövriyyəsi və s.) müvafiq normativ-hüquqi sənədlərlə, həmçinin mövcud etibarlı informasiyalarla tutuşdurulması (üzləşdirilməsi) məqsədi ilə sənədli yoxlama aparır;

 

2.1.4.

normativ-hüquqi və təşkilati - sərəncamverici sənədlərlə nəzərdə tutulmuş vəzifə, funksiya və səlahiyyətlərin  Nazirliyin qurumları və əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsi vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsi məqsədi ilə monitorinq həyata keçirir;

 

2.1.5.

Nazirliyin qurumlarının və əməkdaşlarının hərəkətləri və ya hərəkətsizliyi barədə daxil olmuş mənbəyi bəlli məlumatların düzgünlüyünün yoxlanılması və araşdırılması məqsədilə iş üzrə zəruri materiallar toplamaqla xidməti araşdırma aparır;

 

2.1.6.

daxili nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq struktur vahidinin rəhbərinin təklifləri əsasında  tərkib formalaşdıraraq yoxlama qrupunu aparır;

 

 

2.1.7.

şöbənin fəaliyyətini reqlamentləşdirən və tətbiq etdiyi daxili nəzarət sistemini tənzimləyən normativ-metodiki bazanı formalaşdırır və təkmilləşdirir;

 

2.1.8.

qurumlarda daxili maliyyə auditinin aparılmasını təşkil edir;

 

 

2.1.9.

müvafiq sahənin inkişafını təmin edir;

 

2.1.10. 

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

 

 

 

III. Şöbənin vəzifələri

 

3.1.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq  aşağıdakı  vəzifələri yerinə yetirir:

 

3.1.1.

qurumlarda bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində daxili nəzarət tədbirləri, o cümlədən xidməti araşdırmalar, daxili audit yoxlamaları və monitorinqlər həyata keçirmək;

 

3.1.2.

Nazirliyin qurumları və əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;

 

3.1.3.

Nazirliyin qurumlarının əməkdaşlarının hərəkətləri (və ya hərəkətsizliyi) barədə şöbəyə vətəndaşlardan, sahibkarlıq subyektlərindən, dövlət və qeyri-dövlət orqanlarından, habelə qurumlardan daxil olmuş təqdimatlar və müraciətlər üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin etmək;

 

3.1.4.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun dövlət qulluqçusunun əsas vəzifələri və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə dair müddəalarının tələblərinin pozulması halları üzrə xidməti araşdırma və yoxlamalar aparmaq;

 

3.1.5.

 Nazirliyin qurumlarının əməkdaşları tərəfindən yol verilmiş korrupsiya ilə əlaqədar hüquqpozma halları, habelə daxili audit yoxlamalarının və monitorinqlərin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmalar aparmaq;

 

3.1.6.

zərurət yarandığı hallarda qurumlar tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə həmin tədbirlərdə bilavasitə iştirak etmək;

 

3.1.7.

səlahiyyətlərinə aid olan məsələlər üzrə nəzarətin həyata keçirilməsinin forma və metodlarını müəyyən etmək və onları təkmilləşdirmək, daxili nəzarət proqramlarını tərtib etmək, qurumlarda aparılacaq daxili audit və monitorinq planlarını hazırlamaq;

 

3.1.8.

Nazirliyin qurumları və əməkdaşları tərəfindən xidməti vəzifələrin və funksiyaların icrası zamanı vətəndaşların, sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin pozulması hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlərə dair fəaliyyət istiqamətləri üzrə müvafiq təkliflər vermək, vətəndaşların və sahibkarların hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görmək, onların hüquq və qanuni mənafelərinin gözlənilməsinə nəzarəti həyata keçirmək;
 

3.1.9.

fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və yeniliklərin tətbiqi məqsədilə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

3.1.10. 

yeni iş proseslərinin, təşkilati-inzibati məsələlər üzrə həyata keçirilən mütərəqqi modellərin tətbiqi ilə əlaqədar qurumlara əməli və metodiki köməklik göstərmək;

 

3.1.11.

daxili nəzarət tədbirlərinin nəticələri əsasında Nazirliyin qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

3.1.12.

Nazirliyin qurumları üzrə inzibatçılığın və təşkilati - idarəetmə işlərinin təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparmaq və nəticələri üzrə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

3.1.13.

Nazirliyin qurumlarının əməkdaşları tərəfindən korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsinin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər görmək;

 

3.1.14.

korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlar əsasında Nazirliyin qurumlarında daxili nəzarət tədbirləri həyata keçirmək və nəticələri barədə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

3.1.15.

daxili nəzarət tədbirlərinin nəticələrini ümumiləşdirərək, Nazirliyin rəhbərliyinə müvafiq təkliflər vermək;

 

3.1.16.

iş proseslərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına öncədən, nəzarətin təmin olunması məqsədilə qurumlara əməli metodiki köməklik göstərmək;

 

3.1.17.

fəaliyyət istiqamətləri üzrə Nazirliyin inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsinə köməklik göstərmək;

 

3.1.18.

şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

 

3.1.19.

qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların şöbəyə daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;

 

3.1.20.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

 

IV. Şöbənin hüquqları

 

4.1.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.1.1.

qurumlarda daxili nəzarət tədbirləri, o cümlədən daxili audit yoxlamaları, sənədli yoxlamalar, xidməti araşdırmalar, monitorinqlər və müşahidə-baxış tədbirləri həyata keçirmək, zərurət yarandığı hallarda daxili nəzarətin məqsədləri üçün qurumların funksional vəzifələrinə aid olan nəzarət və monitorinq tədbirlərinin həyata keçirilməsi barədə məsələ qaldırmaq, yoxlama qrupları yaratmaq;

 

4.1.2.

nəzarət tədbirinin həyata keçirilməsi üçün lazımi şərait yaratmaq və nəzarət tədbirinin vaxtında başa çatdırılmasına nəzarət etmək;

 

4.1.3.

göstərilən müddət ərzində daxili nəzarət tədbirinin başa çatdırılması mümkün olmadıqda, yoxlama qrupunun təşəbbüsü ilə müvafiq struktur vahidinin rəhbərinin təqdimatı əsasında nəzarət tədbirinin müddətinin artırılması üçün Nazirliyin rəhbərliyinə müraciət etmək; 

 

4.1.4.

Nazirliyin qurumlarının əməkdaşlarının korrupsiya ilə bağlı hüquqpozmalara yol vermə hallarına dair daxil olmuş materiallar üzrə xidməti araşdırmalar və yoxlamalar aparmaq, daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozmalar və onlara aidiyyəti olan şəxslər barədə sənədləri, hesabatları və məlumatları qurumlardan götürmək, yaranmış xidməti zərurətlə əlaqədar maneəsiz olaraq qurumların yerləşdiyi inzibati və xidməti binalara, iş yerlərinə daxil olmaq və nəzarət tədbirləri həyata keçirmək;

 

4.1.5.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə nəzarət tədbirlərinin aparılması zamanı faktların və ayrı-ayrı halların tam, vaxtında və hərtərəfli araşdırılması məqsədilə, yaranmış zərurətlə əlaqədar müvafiq struktur vahidinin yazılı və ya şifahi sorğusuna əsasən qurumlardan daxili nəzarət tədbirlərinin tələblərinə uyğun formada, müddətdə və dövrlər üzrə müvafiq məlumatları, sənədləri, arayışları, hesabatlar almaq;

 

4.1.6.

Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə qurumların əməkdaşlarını, hüquqi və fiziki şəxsləri onların nümayəndələrini və vətəndaşları şöbəyə dəvət etmək, onlardan icraatda olan iş üzrə lazımi məlumat, arayış və izahatlar almaq;

 

4.1.7.

qurumların fəaliyyət sahələri və istiqamətləri üzrə müstəqil şəkildə təhlillər və araşdırmalar aparmaq, analitik materiallar hazırlamaq, müvafiq təkliflər vermək;

 

4.1.8.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar qurumlardan şifahi və yazılı qaydada şöbənin müəyyən etdiyi formada, müddətlərdə və dövrlər üzrə arayış, məlumat, hesabat və izahatlar almaq, habelə Nazirlikdə tətbiq olunan bütün elektron informasiya resurslarına daxil olmaq;

 

4.1.9.

daxili nəzarət tədbirlərinin xüsusiyyətləri nəzərə alınmaqla və zərurət yarandıqda daxili nəzarət qruplarının tərkibinə daxil edilməsi üçün qurumlardan, kənar təşkilatlardan mütəxəssislərin və ekspertlərin cəlb olunması üçün Nazirliyin rəhbərliyi qarşısında məsələ qaldırmaq;

 

4.1.10. 

öz vəzifələrinin icrası ilə bağlı zərurət yarandıqda qurumların əməkdaşlarından xidməti vəsiqələrini təqdim etmələrini tələb etmək;

 

4.1.11.

zərurət yarandığı hallarda daxili nəzarət tədbirləri ilə əhatə olunmuş dövr üzrə təkrar tədbirlər həyata keçirmək;

 

4.1.12.

daxili nəzarət tədbirlərinin nəticələrinə əsasən Nazirliyin mənafeyini qorumaq, baş verə biləcək qanun pozuntusunun qarşısını almaq, icra və əmək intizamını təmin etmək məqsədilə qurumların əməkdaşlarının işdən müvəqqəti kənarlaşdırılması barədə rəhbərliyə təkliflər vermək;

 

4.1.13.

qurumların əməkdaşları tərəfindən qanunvericilik aktlarının, təşkilati -sərəncamverici sənədlərin tələblərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təkliflər vermək və zərurət yarandığı hallarda əməli köməklik göstərmək, eləcə də əməkdaşların müvafiq məsuliyyətə cəlb olunması məsələsinə baxılması barədə təqdimatlar vermək;

 

4.1.14.

xidməti zərurətlə əlaqədar qurumlara, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

 

4.1.15.

müvafiq sahə üzrə qanunvericilik aktlarının, təşkilati - sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

 

4.1.16.

fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

 

4.1.17.

Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək, müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

 

4.1.18.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

 

 

V. Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbə bilavasitə nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs  şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

 

5.3.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.
 

5.4.

Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müavini vardır.

 

5.6.

Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.7.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini həyata keçirir.

 

5.8

Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
 

5.9.

Şöbə müdiri:

 

5.9.1. 

şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 
 

5.9.2

Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
 

5.9.3.

şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;

 

5.9.4.

şöbə üzrə Nazirliyin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamədə göstərilən vəzifələrin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

 

5.9.5.

şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;

 

5.9.6.

 şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin aparatının struktur bölmələrindən, qurumlardan zəruri məlumat və sənədləri alır;

 

5.9.7.

şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.9.8.

şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

 

 5.9.9.

   şöbəyə daxil olan sənədləri öyrənir, qeydiyyata alır, onların əsasında nazirə məlumat verir və ya onun yanında baxılmaq üçün təkliflər hazırlayır;

 

5.9.10.

şöbədə nizam-intizam qaydalarını və icra intizamını pozan işçilərin qanunvericiliyə uyğun cəzalandırılması barədə nazirə təqdimat və rəy verir;
 

5.9.11. 

rəhbərliyin göstərişinə əsasən Nazirliyin aparatınin işçilərini əmrlərlə, sərəncamlarla və  informasiya materialları ilə tanış edir;

 

 5.9.12. 

nazir, nazir müavinləri və aparat rəhbərinin göstərişlərinə əsasən Nazirliyin aparatının struktur bölmələrindən, qurumlardan əmr, qərar və sənədlərin icrası haqqında məlumatlar alır və yerlərdə araşdırma aparır;
 

5.9.13. 

vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlayır;

 

5.9.14. 

şöbəni təmsil edir.

 

 5.10. 

 Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
 

5.11. 

 Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyırlar.