İctimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsi

 

1.

Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) aparatının Kütləvi İnformasiya Vasitələri (bundan sonra – KİV) ilə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması, vətəndaş qəbulu sahəsindəki işlərin təşkilini və tənzimlənməsini həyata keçirən struktur bölməsidir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"ni, digər qanunvericilik aktlarını, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.3.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının struktur bölmələri, strukturuna daxil olan və tabeliyində olan qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.

Şöbənin fəaliyyət istiqamətləri

 

2.0.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.0.1.

KİV və ictimaiyyətlə əlaqələr sahəsində işlərin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir;

 

2.0.2.

Nazirliyin fəaliyyətinin KİV-də işıqlandırılmasını və bununla bağlı zəruri tədbirlərin görülməsini təmin edir;

 

2.0.3.

Nazirlikdə vətəndaş qəbulu sahəsindəki işlərin təşkilini və tənzimlənməsini həyata keçirir;

 

2.0.4.

Nazirliyin “Çağrı Mərkəzi”nin fəaliyyətinin təşkilini və tənzimlənməsini həyata keçirir;

 

2.0.5.

müvafiq sahənin inkişafını təmin edir;

 

2.0.6.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin vəzifələri

 

3.0.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.0.1.

qurumların ictimaiyyətlə əlaqələrini təşkil etmək, əlaqələndirmək və həyata keçirmək, Nazirliyin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Nazirlik tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasını təmin etmək, bununla əlaqədar press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlamaq;

 

3.0.2.

ictimaiyyətlə əlaqələr sahəsində qanunvericilik aktlarının və təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında birbaşa və ya dolayısı ilə iştirak etmək;

 

3.0.3.

Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq dövlət proqramları, qanunvericilik aktları və ictimaiyyəti maraqlandıran digər məsələlərlə bağlı məlumatların KİV vasitəsilə və digər üsullarla ictimaiyyətə çatdırılmasını təmin etmək;

 

3.0.4.

Nazirliyin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda qurumların iştirakı ilə cavab hazırlamaq və təhrif hallarının aradan qaldırılması üçün tədbirlər görmək;

 

3.0.5.

Nazirliyin tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil etmək;

 

3.0.6.

Nazirliyin rəhbərliyinin və digər vəzifəli şəxslərinin KİV-də çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil etmək, əlaqələndirmək və Nazirlik tərəfindən keçirilən tədbirlərdə yerli və xarici KİV nümayəndələrinin iştirakını təmin etmək;

 

3.0.7.

Nazirliyin rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri üçün məlumatların hazırlanması prosesində iştirak etmək və həmin məlumatları saytlarda yerləşdirmək, Nazirliyin müvafiq qurumlarının rəsmi internet saytının fəaliyyətinin monitorinqini həyata keçirmək və bu sahədə onların fəaliyyətinə əməli və metodoloji köməklik göstərmək;

 

3.0.8.

qurumların KİV və ictimaiyyətlə əlaqələrinin koordinasiyalı təşkil olunmasına və ictimaiyyətin məlumatlandırılması işinin aparılmasına əməli və metodiki rəhbərliyi həyata keçirmək;

 

3.0.9.

qurumların KİV-lə və ictimaiyyətlə əlaqələrində səmərəliliyin artırılmasına, bu sahədə mövcud münasibətlərin yaxşılaşdırılmasına dair mütəmadi təkliflər vermək;

 

3.0.10.

qurumların ictimaiyyət və KİV-lə əlaqələrinə, onların təsis etdiyi və ya iştirakçı kimi çıxış etdiyi mətbuat orqanlarının fəaliyyətinə səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək;

 

3.0.11. 

Nazirliyin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə Nazirliyin rəhbərliyinə məlumat verilməsini təmin etmək;

 

3.0.12.

Nazirliyə daxil olmuş informasiya sorğularına müvafiq qurumların iştirakı ilə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmasında iştirak etmək;

 

3.0.13.

müəyyən edilmiş qaydada Nazirliyin dövri mətbuat orqanlarının, reklamların, plakatların, informasiya vərəqələrinin, sorğu kitablarının nəşri və müxtəlif multimedia vasitələrinin hazırlanması işini təşkil etmək və ya təşkilində iştirak etmək;

 

3.0.14.

Nazirliyin fəaliyyətinə dair çap, video və fotomaterialların arxivini təşkil etmək;

 

3.0.15.

Nazirliyin mətbu orqanların çap və elektron nəşrlərinə abunə yazılması işini təşkil etmək;

 

3.0.16.

fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, KİV-dən, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılması prosesində iştirak etmək;

 

3.0.17.

Nazirliyin aparatında qəbula gəlmiş vətəndaşların qeydiyyatını aparmaq, qaldırılan məsələlərin hansı vəzifəli şəxsin səlahiyyətlərinə aid olduğunu müəyyənləşdirmək, qəbulunu təşkil etmək, qəbul üçün əsas olmadıqda vətəndaşlara müvafiq izahatlar vermək, vətəndaşların şifahi sorğuları üzrə müvafiq məlumat və izahatlar vermək;

 

3.0.18.

Nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul qrafikinin layihəsini hazırlamaq;

 

3.0.19.

Nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların şəxsi qəbulunun (o cümlədən şəhər və rayonlarda, həmçinin video-konfrans rejimində keçirilən qəbulları) təşkilati işlərində iştirak etmək;

 

3.0.20.

Nazirliyin Aparatının struktur bölmələri tərəfindən vətəndaşların qəbul qarafikinə uyğun qəbul edilmələrinə səlahiyyətləri çərçivəsində nəzarət etmək;

 

3.0.21.

vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin müntəzəm olaraq araşdırılması və qanunla müdafiə olunan mənafelərinin pozulması ilə əlaqədar təkrar ərizə və şikayətlərin verilməsi ilə nəticələnən səbəblərin aradan qaldırılması üçün şöbə rəhbərliyinə təkliflər vermək;

 

3.0.22.

Nazirliyin Aparatında vətəndaşların qəbulu qaydalarının layihəsini hazırlamaq, bu qaydaların təkmilləşdirilməsi üçün təkliflər vermək;

 

3.0.23.

Nazirliyin strukturlarında vətəndaşların qəbulu sahəsindəki işlərə əməli və metodiki rəhbərliyi həyata keçirmək, bununla bağlı zəruri məlumatlar almaq və bu işin təkmilləşdirilməsi üçün təkliflər vermək;

 

3.0.24.

Nazirliyin “Çağrı Mərkəzi”nə vətəndaşlardan daxil olan müraciətlərin qeydiyyata alınaraq aidiyyəti üzrə baxılmağa göndərilməsi, təhlili, sorğu xarakterli müraciətlərin cavablandırılması işini təşkil etmək;

 

3.0.25.

vətəndaşların qəbulunun təhlili və ümumiləşdirilməsi üzrə materiallar əsasında yarımillik və illik analitik arayışlar hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etmək;

 

3.0.26.

fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

3.0.27.

səlahiyyətləri çərçivəsində Nazirliyin tənzimlədiyi sahənin inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsini təmin etmək;

 

3.0.28.

şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

 

3.0.29.

şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;

 

3.0.30.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

fəaliyyət istiqamətləri üzrə Nazirliyin Aparatının struktur bölmələri tərəfindən hazırlanan normativ-hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;

 

4.0.2.

vətəndaşlar tərəfindən Nazirliyə (və ya Nazirliyin müstəqil vəzifəli şəxslərinə) ünvanlanmış və icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxmaq, araşdırmalar aparmaq və bu sahədə Nazirliyin aparatının struktur bölmələrinin və müstəqil vəzifəli şəxslərinin iştirakının təmin edilməsi üçün təkliflər vermək;

 

4.0.3.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin Aparatının struktur bölmələrinə, qurumlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

 

4.0.4.

Nazirliyin aparatının struktur bölmələri və qurumları tərəfindən ictimaiyyətlə əlaqələr və vətəndaş qəbulu sahəsində vəzifə və funksiyaların lazımınca icra edilməməsini doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təkliflər vermək;

 

4.0.5.

fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

 

4.0.6.

fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə müraciətlərin layihələrini hazırlamaq;

 

4.0.7.

fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;

 

4.0.8.

Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

 

4.0.9.

fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

 

4.0.10.

müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

 

4.0.11.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbənin strukturuna İctimaiyyətlə əlaqələr sektoru daxildir.

 

5.3.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.4.

Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Şöbədə nazir tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sektor müdiri vardır.

 

5.6.

Şektor müdiri şöbə müdiri tərəfindən ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.7.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektor müdiri həyata keçirir.

 

5.8.

Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.9.

Şöbə müdiri:

 

5.9.1.

şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

5.9.2.

tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

 

5.9.3.

şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;

 

5.9.4.

şöbə üzrə Nazirliyin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, Şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən vəzifələrin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

 

5.9.5.

şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;

 

5.9.6.

şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin aparatının struktur bölmələrindən, qurumlardan zəruri məlumat və sənədləri alır;

 

5.9.7.

şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

 

5.9.8.

şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

 

5.9.9.

şöbəyə daxil olan sənədləri öyrənir, qeydiyyata alır, onların əsasında nazirə məlumat verir və ya onun yanında baxılmaq üçün təkliflər hazırlayır;

 

5.9.10.

şöbəni təmsil edir.

 

5.10.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.11.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.