Rabitə sahəsinin tənzimlənməsi şöbəsi

 

1.

Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – Nazirlik) Rabitə sahəsinin tənzimlənməsi şöbəsi (bundan sonra –şöbə) Nazirliyin aparatının struktur bölməsi olmaqla, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləmə, o cümlədən lisenziya və icazələrin verilməsi, operatorlar arasında arabağlantı münasibətləri, universal telekommunikasiya və poçt xidmətlərinin təşkili, məhdud nömrə və tezlik resurslarından səmərəli istifadə, mobil cihazların qeydiyyat sisteminin fəaliyyətinin əlaqələndirilməsi, telekommunikasiya vasitələrinə uyğunluq sertifikatlarının verilməsi, sellülar (mobil) nömrə daşınması xidmətinin təşkilinə nəzarət (bundan sonra – müvafiq sahə) üzrə fəaliyyəti təmin edir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – Nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.3.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, onun strukturuna daxil olan qurumları və strukturuna daxil olmayan tabeliyindəki qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.

Şöbənin fəaliyyət istiqamətləri

 

2.0.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.0.1.

müvafiq sahədə dövlət tənzimlənməsinin həyata keçirilməsində iştirak edir;

 

2.0.2.

lisenziyaların və icazələrin verilməsi ilə əlaqədar Nazirliyə daxil olan müraciətləri araşdırır və nazirliyin rəhbərliyinə təkliflər verir;

 

2.0.3.

respublika ərazisində radiotezlik resurslarının tənzimlənməsində iştirak edir;

 

2.0.4.

operatorlar arasında arabağlantı münasibətlərinin tənzimlənməsi istiqamətində qanunvericiliyə uyğun tədbirlər görür;

 

2.0.5.

universal telekommunikasiya və poçt xidmətlərinin təşkilinin mövcud vəziyyətini təhlil edir və təkliflər verir;

 

2.0.6.

məhdud nömrə resurslarından səmərəli istifadənin təmin edilməsi məqsədilə tədbirlər görür, beynəlxaql təcrübə nəzərə alınmaqla şəbəkədə yeni nömrə resurslarının tətbiqinə dair araşdırmalar aparır, nömrə resurslarının ayrılması ilə bağlı daxil olan müraciətləri araşdırır və nazirliyin rəhbərliyinə təkliflər verir;

 

2.0.7.

mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi ilə əlaqədar daxil olan müraciətləri araşdırır və nazirliyin rəhbərliyinə təkliflər verir;

 

2.0.8.

ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) xüsusi icazə verilməsi ilə əlaqədar daxil olan müraciətləri araşdırır və nazirliyin rəhbərliyinə təkliflər verir;

 

2.0.9.

telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatlarının verilməsi ilə əlaqədar daxil olan müraciətləri araşdırır və nazirliyin rəhbərliyinə təkliflər verir;

 

2.0.10.

mobil cihazların qeydiyyat sisteminin fəaliyyətini əlaqələndirir, itirilmiş (oğurlanmış) və sonradan tapılaraq sahibinə qaytarılmış mobil cihazlarla bağlı polis idarələrindən (şöbələrindən) və vətəndaşlardan daxil olan müraciətləri araşdırır və nazirliyin rəhbərliyinə təkliflər verir;

 

2.0.11.

sellülar (mobil) nömrə daşınması ilə bağlı daxil olan müraciətləri araşdırır, nazirliyin rəhbərliyinə təkliflər verir və operatorlararası nömrə daşınması sisteminin fəaliyyətinə nəzarəti həyata keçirir;

 

2.0.12.

müvafiq sahə üzrə tariflərin tənzimlənməsində iştirak edir və təkliflər verir;

 

2.0.13.

müvafiq sahə üzrə yeni texnologiyaların ölkəmizdə tətbiqi ilə bağlı araşdırmalar və təhlillər aparır, təkliflər hazırlayaraq Nazirliyin rəhbərliyinə təqdim edir;

 

2.0.14.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin vəzifələri

 

3.0.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.0.1.

Nazirliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

 

3.0.2.

müvafiq sahə üzrə dövlət tənzimləməsi mexanizminin hazırlanması, əsas istiqamətlərinin formalaşdırılması və həyata keçirilməsində iştirak etmək;

 

3.0.3.

Nazirlik üzrə normativ hüquqi aktların layihələrinin hazırlanmasının perspektiv və cari planlarının həyata keçirilməsində iştirak etmək;

 

3.0.4.

zərurət yarandıqda Nazirliyin fəaliyyəti ilə bağlı müxtəlif təyinatlı və xarakterli müqavilələrin hazırlanmasında iştirak etmək;

 

3.0.5.

dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının və strategiyaların hazırlanmasında iştirak etmək;

 

3.0.6.

müvafiq qanunvericilik aktlarında və dövlət proqramlarında Nazirliyə həvalə edilmiş, habelə təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsini təmin etmək;

 

3.0.7.

Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin yoxlanılmasında, habelə Nazirlik üzrə keçirilmiş yoxlamaların, inventarizasiyaların nəticələrinə dair materiallara baxılmasında iştirak etmək;

 

3.0.8.

müvafiq sahədə fəaliyyət göstərən müəssisələrlə qarşılıqlı münasibətlər qurmaq;

 

3.0.9.

vətəndaşların qəbulunu həyata keçirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların şöbəyə daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;

 

3.0.10.

Nazirliyin fəaliyyətinin dövlət tənzimlənməsi məsələləri ilə əlaqədar kütləvi informasiya vasitələrində dərc olunmuş (yayımlanmış) məlumatları Nazirliyin rəhbərliyinin tapşırığı əsasında digər struktur bölmələri ilə birgə təhlil etmək və təkliflər vermək;

 

3.0.11.

səlahiyyətləri çərçivəsində Nazirliyə normativ, normativ hüquqi aktlarda verilmiş tapşırıqların icrasının həyata keçirilməsini təmin etmək;

 

3.0.12.

biometrik texnologiyaların yaradılmasına və həmin texnologiyalara xidmət göstərilməsinə, sellülar (mobil) rabitə xidmətlərinə (texnoloji standartın adı göstərilməklə) lisenziya verilməsi ilə əlaqədar Nazirliyə daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmaq, sənədləri hazırlamaq və Nazirliyin rəhbərliyinə təkliflər vermək, lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət etmək;

 

3.0.13.

qanunla müəyyən edilmiş hallarda və qaydada lisenziya müqaviləsinin formasının və bağlanma qaydasının müəyyən edilməsində, həmçinin lisenziya müqaviləsinin bağlanması ilə əlaqədar işlərdə iştirak etmək və bununla əlaqədar rəhbərliyə təkliflər vermək;

 

3.0.14.

təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsinə dair daxil olan müraciətlərin mövcud qanunvericiliyə uyğunluğunu araşdırmaq, bununla əlaqədar sənədləri hazırlayaraq Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

3.0.15.

Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsində iştirak etmək, həmçinin radiotezlik resurslarından, radioelektron vasitələrindən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarının müəyyənləşdirilməsi, onların icrasına nəzarət və telekommunikasiya vasitələrinin elektromaqnit uzlaşması sahəsinin monitorinqinin həyata keçirilməsi məqsədilə təkliflər vermək;

 

3.0.16.

mülki təyinatlı radiorabitə şəbəkələrində radiotezliklərdən istifadənin mövcud qanunvericiliyə uyğun tənzimlənməsinin və mühafizəsinin həyata keçirilməsini təşkil etmək və onlardan səmərəli istifadə edilməsi məqsədi ilə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

3.0.17.

telekommunikasiya operatorları arasında bağlanan arabağlantı müqaviləsinin şərtlərini müəyyənləşdirilmək və bu sahədə fəaliyyəti tənzimləmək, telekommunikasiya operatorları, provayderləri arasında arabağlantı münasibətlərində yaranan mübahisələrin “Telekommu­nikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa, Nazirlik tərəfindən hazırlan­mış arabağlantı şərtlərinə, həmçinin arabağlantı müqavilələrinə uyğun həll edilməsi üçün tədbirlər görmək və Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

3.0.18.

ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma və ondan istifadə qaydalarının, bu şəbəkənin inkişafı, təkmilləşdirilməsi, səmərəli və etibarlı istifadə edilməsi sahəsində siyasətin müəyyənləşdirilməsi məqsədilə rəhbərliyə təkliflər hazırlamaq;

 

3.0.19.

dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması və istismarı ilə əlaqədar digər operatorların şəbəkələri ilə qarşılıqlı əlaqələndirilməsi üzrə işlərdə aidiyyəti üzrə iştirak etmək;

 

3.0.20.

Azərbaycan Respublikasının bütün ərazisində universal telekommunika­siya xidmətlərinin təşkil olunması ilə bağlı həyata keçirilən tədbirlərə nəzarət etmək, bu xidmətlərin müəyyən olunmuş müddət ərzində, keyfiyyətlə və əlverişli qiymətlərlə təşkili ilə bağlı təkliflər hazırlamaq və Nazirliyin rəhbərliyinə təqdim etmək;

 

3.0.21.

ölkənin bütün yaşayış məntəqələrində əhalinin keyfiyyətli və etibarlı telekommunikasiya və genişzolaqlı internet xidmətləri ilə təmin olunması ilə bağlı görülən işlərdə iştirak etmək və təkliflər vermək;

 

3.0.22.

aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahə üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəricilərinin müəyyən edilməsi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət edilməsi və monitorinqinin aparılması məqsədilə Nazirliyin rəhbərliyinə təkliflər hazırlamaq, göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etmək, bununla əlaqədar daxil olan müraciətləri araşdırmaq və icrası ilə əlaqədar tədbirlər görmək;

 

3.0.23.

telekommunikasiya operatorları, provayderləri və poçt operatorları tərəfindən təşkil olunan xidmətlərlə əlaqədar istehlakçılardan daxil olan müraciətləri araşdırmaq, Nazirliyin rəhbərliyinə təkliflər vermək və həlli istiqamətində tədbirlər görmək;

 

3.0.24.

Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsinə aid nömrə resurslarından səmərəli istifadə edilməsi məqsədilə operatorların, provayderlərin, həmçinin digər hüquqi və fiziki şəxslərin nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması barədə müraciətlərinə baxmaq, sənədləri təsdiq üçün hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə verilməsi ilə əlaqədar Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

3.0.25.

məhdud nömrə resurslarının bölüşdürülməsi və istifadəsi, həmçinin müvafiq tezlik zolaqlarının təyinatı ilə bağlı beynəlxalq təşkilatların [Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Ümumavropa Poçt və Telekommunikasiya Administrasiyaları Konfransının (CEPT)] tövsiyələrini araşdırmaq və təkliflər vermək; xarici ölkələrin milli nömrələmə planlarında edilən dəyişikliklərin ölkəmizdə fəaliyyət göstərən telekommunikasiya operatorlarının şəbəkələrində tanıtdırılmasını təmin etmək;

 

3.0.26.

mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsi ilə əlaqədar daxil olan müraciətlərə baxmaq, mövcud qaydalara uyğunluğunu araşdırmaq və qanunvericiliyə müvafiq olaraq xüsusi icazə verilməsi ilə əlaqədar sənədləri hazırlamaq və Nazirliyin rəhbərliyinə təkliflər vermək; mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi üzrə fəaliyyətin müvafiq dövlət orqanları ilə əlaqələndirilməsini təşkil etmək; xüsusi icazə sahibləri tərəfindən əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə riayət olunmasına nəzarəti təşkil etmək;

 

3.0.27.

ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi, dəyişdirilməsi, geri alınması ilə əlaqədar təkliflər hazırlamaq və Nazirliyin rəhbərliyinə təqdim etmək; ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) xüsusi icazə verilməsi üzrə fəaliyyətin müvafiq dövlət orqanları ilə əlaqələndirilməsini təşkil etmək; malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyalarından asılı olaraq, xüsusi icazə veriləndən sonra onların təyinatı üzrə istifadə edilməsinə, saxlanmasına fiziki mühafizəsinə, təhlükəsizliyinin təmin olunmasına və müvafiq şərtlərə riayət edilməsinə nəzarəti təşkil etmək;

 

3.0.28.

mövcud qanunvericiliyə uyğun olaraq, sellülar (mobil) nömrə daşınması ilə bağlı daxil olan müraciətləri araşdırmaq, təhlil etmək və təkliflər hazırlayaraq Nazirliyin rəhbərliyinə təqdim etmək;

 

3.0.29.

mobil cihazların qeydiyyatı ilə əlaqədar ərizəçilərdən daxil olmuş şikayətləri araşdırmaq, mobil cihazların qeydiyyat sisteminin idarə edilməsinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

 

3.0.30.

müvafiq sahə üzrə respublikada fəaliyyət göstərən operatorların, provayderlərin və digər hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətini öz səlahiyyətləri daxilində əlaqələndirərək, rabitə xidmətlərinin göstərilməsi ilə əlaqədar münasibətlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənməsi məqsədilə tövsiyələr vermək;

 

3.0.31.

telekommunikasiya operatorlarının şəbəkələrindən istifadə edilməklə mövcud standartlara və qaydalara uyğun olmadan təşkil edilən rabitə xidmətlərinin və trafik mübadiləsinin aşkarlanması və aidiyyəti qurumlarla birgə qarşısının alınması üçün Nazirliyin rəhbərliyinə təkliflər vermək;

 

3.0.32.

müvafiq sahə üzrə tarif siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət tərəfindən tənzimlənən xidmətlərin tarifləri barədə təkliflər vermək, habelə tarifləri dövlət tərəfindən tənzimlənməyən xidmətlər üzrə operatorların, provayderlərin tətbiq etdiyi tariflərin monitorinqini aparmaq, təkliflər hazırlamaq və operatorlara, provayderlərə tövsiyələr vermək;

 

3.0.33.

müvafiq sahə üzrə fəaliyyət göstərən təsərrüfat subyektləri arasında sağlam rəqabət mühitinin formalaşması, operatorlar arasında haqsız rəqabətin qarşısının alınması və aradan qaldırılması və istehlakçıların hüquqlarının qorunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmələri və müvafiq dövlət qurumları ilə birgə tədbirlər görmək;

 

3.0.34.

nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə müvafiq sahə üzrə xidmət bazarlarının formalaşdırılmasına nəzarəti təmin etmək, xidmət bazarlarının təhlilini aparmaq, hökmran mövqe tutan operatorların və provayderlərin fəaliyyəti üzrə xüsusi tələblərin müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər hazırlamaq;

 

3.0.35.

aidiyyəti dövlət orqanları və nazirliyin struktur bölmələri ilə birlikdə müvafiq sahədə investisiya mühitinin yaxşılaşdırılması, investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq və yerli və xarici investisiyaların cəlb edilməsi üçün tədbirlər görmək;

 

3.0.36.

müvafiq sahədə dövlət standartlarının və təsnifatlarının hazırlanmasında iştirak etmək;

 

3.0.37.

müvafiq sahə üzrə beynəlxalq təşkilatların tövsiyələrinin, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin Nazirliyin fəaliyyətində nəzərə alınması üçün təkliflər hazırlamaq;

 

3.0.38.

müvafiq sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi elektron xidmətlərin təşkili və göstərilməsinin təmin edilməsi üçün Nazirliyin aidiyyəti struktur bölmələri ilə birgə tədbirlər görmək;

 

3.0.39.

şöbənin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı xarici ölkələrin telekommunikasiya və poçt operatorları, dövlət orqanları, o cümlədən tənzimləmə qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə sorğu və məlumat mübadiləsi aparmaq;

 

3.0.40.

müvafiq sahədə törədilən və ya törədilməsi ehtimal edilən inzibati xətalar barədə Nazirliyin struktur bölmələrindən və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan, həmçinin digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətləri araşdırmaq və təkliflər hazırlamaq;

 

3.0.41.

qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

 

3.0.42.

hüquqi və fiziki şəxslər inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərarın icrasından boyun qaçırdırdığı halda, həmin şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə təkliflər vermək;

 

3.0.43.

Nazirliyin kollegiya qərarlarının, təşkilati-sərəncamverici sənədlərin, eyni zamanda tədbirlər planlarının hazırlanması ilə bağlı təkliflər vermək, icrasında iştirak etmək və rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifələri yerinə yetirmək;

 

3.0.44.

telekommunikasiya və poçt rabitəsinin dövlət tənzimlənməsi üzrə beynəlxalq təcrübəni öyrənmək, ümumiləşdirmək və tətbiq etmək, beynəlxalq təşkilatların tövsiyələrinin öz fəaliyyətində nəzərə alınması üçün təkliflər vermək;

 

3.0.45.

xidmət keyfiyyətinə nəzarətlə əlaqədar telekommunikasiya operatorların­dan, provayderlərindən və poçt operatorlarından qanunvericiliyə uyğun qaydada zəruri məlumatları tələb etmək;

 

3.0.46.

şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;

 

3.0.47.

şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

 

3.0.48.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

Nazirliyin aparatının struktur bölmələri, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən hazırlanmış normativ hüquqi aktların, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;

 

4.0.2.

fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, Nazirliyin dövlət tənzimlənməsi sahəsində fəaliyyətinə aid qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

 

4.0.3.

sahənin tənzimlənməsi ilə əlaqədar mövcud qanunvericiliyə uyğun olaraq normativ hüquqi sənədlərin layihələrinin hazırlanması məqsədilə təşəbbüs göstərmək və aidiyyəti orqanlarla razılaşdırılması üçün Nazirliyin rəhbərliyinə təqdim etmək;

 

4.0.4.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Nazirliyin aparatının struktur bölmələrinə, onun strukturuna daxil olan qurumlara və strukturuna daxil olmayan tabeliyindəki qurumlara müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq sənədləri və (və ya) məlumatları almaq;

 

4.0.5.

aidiyyəti fəaliyyət növləri üzrə lisenziya almış hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına mövcud qaydalara uyğun nəzarət etmək, lisenziya verilmiş hüquqi və fiziki şəxslərdən, mövcud qanunvericiliyə uyğun olaraq, lazımi məlumatları, o cümlədən statistik məlumatları (məxfilik gözlənilməklə) tələb etmək;

 

4.0.6.

radiotezlik ehtiyatlarından səmərəli istifadəni təmin etmək məqsədilə aparılmış monitorinqlərin nəticələri üzrə müvafiq tədbirlərin görülməsi məqsədilə təkliflər hazırlamaq və icrasına nəzarət etmək;

 

4.0.7.

operatorlararası arabağlantı şərtlərinin tələblərinə əməl etməyən operatorlar haqqında rəhbərliyə təkliflər hazırlamaq və mövcud qanunvericiliyə uyğun qaydada tədbirlər görmək;

 

4.0.8.

qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılmış məhdud nömrə resurslarının inventarizasiyasını aparmaq və həmin resurslardan rabitə operatorlarının, provayderlərin, həmçinin hüquqi və fiziki şəxslərin təyinatı üzrə istifadəsinə nəzarət etmək;

 

4.0.9.

mobil cihazların qeydiyyatına dair daxil olan müraciətlərin mövcud qaydalara uyğunluğunu araşdırmaq və təkliflər vermək;

 

4.0.10.

mövcud standartlara və qaydalara uyğun olmadan təşkil edilən rabitə xidmətlərinin və trafik mübadiləsinin qarşısının alınması üçün aidiyyəti orqanlarla birgə mövcud qanunvericiliyə uyğun tədbirlər görmək;

 

4.0.11.

sahə üzrə dövlət tərəfindən tənzimlənən xidmətlərin tariflərinin tətbiqinə nəzarəti həyata keçirmək, tarifləri dövlət tərəfindən tənzimlənməyən xidmətlərə operatorların, provayderlərin tətbiq etdiyi tariflərin monitorinqini aparmaq, bu barədə aidiyyəti qurumlara tövsiyələrlə bağlı təkliflər hazırlamaq, xidmət növləri üzrə gəlir və xərclərin uçotunun ayrı-ayrılıqda aparılması yolu ilə xərc əsaslı tariflərin tətbiq olunmasını tələb etmək;

 

4.0.12.

müvafiq sahə üzrə fəaliyyət göstərən təsərrüfat subyektləri arasında sağlam rəqabət mühitinin formalaşdırılması, xidmət bazarlarının təhlilinin aparılması və istehlakçıların hüquqlarının qorunması sahəsində görülmüş tədbirlərin nəticələrini təhlil etmək və təkliflər hazırlamaq;

 

4.0.13.

hökmran mövqe tutan operatorların və provayderlərin fəaliyyəti üzrə xüsusi tələblərin müəyyənləşdirilməsi məqsədilə təkliflər hazırlamaq, sahə üzrə haqsız rəqabətin və inhisarçı fəaliyyətin qarşısının alınması üçün aidiyyəti orqanlarla birgə qanunvericiliyə uyğun tədbirlər görmək;

 

4.0.14.

şöbənin vəzifələrinə aid olan məsələlərlə bağlı telekommunikasiya və poçt operatorlarından, dövlət orqanlarından, o cümlədən tənzimləmə qurumlarından, beynəlxalq və qeyri-hökumət təşkilatlarından əldə edilmiş məlumatları təhlil etmək və təkliflər hazırlamaq;

 

4.0.15.

inzibati xətalar barədə Nazirliyin aparatının struktur bölmələrindən və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan, həmçinin hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərlə bağlı mövcud qanunvericiliyə uyğun qaydada tədbir görmək;

 

4.0.16.

xidmət keyfiyyətinə nəzarətlə əlaqədar telekommunikasiya operatorlarından, provayderlərindən və poçt operatorlarından qanunvericiliyə uyğun alınmış zəruri məlumatları araşdırmaq və təkliflər hazırlamaq;

 

4.0.17.

Nazirliyin rəhbərliyinin tapşırığı ilə müvafiq sahə üzrə beynəlxalq tədbirlərdə (konfrans, simpozium, forum, görüş, danışıqlar və s.) iştirak etmək;

 

4.0.18.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Nazirliyin aparatının struktur bölmələrindən, onun strukturuna daxil olan qurumlardan və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan, qanunvericiliklə müəyyən edilmiş qaydada digər müəssisə, idarə və təşkilatlardan, onların səlahiyyətli şəxslərindən zəruri sənədlər, materiallar və məlumatlar almaq;

 

4.0.19.

müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu Əsasnamə ilə müəyyən edilmiş əsas vəzifələrin və funksiyaların həyata keçirilməsi ilə bağlı Nazirliyin strukturuna daxil olan bölmələrinin və qurumların, strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşları üçün konfranslar, elmi simpoziumlar, seminarlar təşkil etmək, habelə qurumların nümayəndələrinin iştirakı ilə iclaslar keçirmək;

 

4.0.20.

Şöbənin funksiyalarına aid məsələlər üzrə keçirilən müzakirələrdə, qanunvericiliyin tələblərini nəzərə almaqla Nazirlikdə, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda yaradılan komissiyaların, məşvərətçi və əlaqələndirici orqanların işində iştirak etmək;

 

4.0.21.

fəaliyyət istiqamətlərinə aid edilmiş məsələlərlə bağlı Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

 

4.0.22.

Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

 

4.0.23.

Nazirliyin iştirak etdiyi məhkəmə baxışlarında mütəxəssis və ya nümayəndə qismində çıxış etmək;

 

4.0.24.

dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə müraciətlərin layihələrini hazırlamaq;

 

4.0.25.

fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;

 

4.0.26.

Nazirliyin aparatının struktur bölmələrində, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılması barədə təkliflər hazırlamaq;

 

4.0.27.

müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər hazırlamaq;

 

4.0.28.

şöbənin fəaliyyəti üçün zəruri olan yerli və xarici nəşrlərə, o cümlədən normativ hüquqi aktların elektron məlumat bazasına abunə yazılmaq;

 

4.0.29.

şöbənin vəzifələri ilə bağlı müstəqil ekspert və mütəxəssislərin, məsləhətçi şirkətlərin, elmi təşkilatların müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər çərçivəsində şöbənin fəaliyyətinə cəlb edilməsi, ictimai əsaslarla işçi qrupların və komissiyaların yaradılması məqsədilə rəhbərliyə təkliflər hazırlamaq;

 

4.0.30.

rabitə sahəsinin tənzimlənməsi üzrə xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

 

4.0.31.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı Nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbənin strukturuna Arabağlantı və xidmətlər sektoru daxildir. Arabağlantı və xidmətlər sektoru bu Əsasnamə ilə şöbəyə həvalə edilmiş vəzifələrin icrasını aidiyyəti üzrə təmin edir.

 

5.3.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.4.

Şöbə müdiri şöbənin işinin düzgün təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müavini vardır.

 

5.6.

Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.7.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini həyata keçirir.

 

5.8.

Şöbədə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri vardır.

 

5.9.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.10.

Şöbə müdiri:

 

5.10.1.

şöbənin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

 

5.10.2.

şöbənin strukturuna daxil olan sektor və işçilər arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir və şöbə işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təmin edir;

 

5.10.3.

şöbə işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına nəzarət edir;

 

5.10.4.

şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra olunmasına nəzarəti həyata keçirir və icrası barədə nazirliyin rəhbərliyinə hesabat verir;

 

5.10.5.

şöbə üzrə Nazirliyin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir;

 

5.10.6.

Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və digər göstərişləri ilə verilmiş aidiyyəti tapşırıqların, o cümlədən milli layihələr və strategiyaların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, tədbirlər və fəaliyyət planlarının, eləcə də aidiyyəti strateji yol xəritələrinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, nazirin qərar, əmr, sərəncam və göstərişlərinin, Nazirliyin Kollegiya qərarlarının aidiyyəti üzrə yerinə yetirilməsini təmin edir;

 

5.10.7.

şöbədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.10.8.

şöbənin yüksəkixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə işçilərin peşə hazırlığının yüksəldilməsi və ixtisaslarının artırılması kurslarda, təlimlərdə iştirakı barədə, həmçinin işçilərin işə təyin olunması haqqında Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.10.9.

şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin aparatının struktur bölmələrindən, onun strukturuna daxil olan qurumlardan və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan zəruri sənədləri və məlumatları alır;

 

5.10.10.

şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

 

5.10.11.

şöbədə kargüzarlıq işinin “Dövlət hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfləri dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasını təmin edir;

 

5.10.12.

şöbədə məxfilik rejimini təmin edir və şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin təmin edilməsinə görə cavabdehlik daşıyır;

 

5.10.13.

dövlət qurumlarına, habelə hüquqi və fiziki şəxslərə göndərilən məktubları rəhbərliyə imzalanması üçün təqdim edir;

 

5.10.14.

şöbənin fəaliyyətini Nazirliyin aparatının struktur bölmələri, onun strukturunda olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlarla əlaqələndirir;

 

5.10.15.

səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

 

5.10.16. 

şöbənin müvafiq hesabatlarını təsdiq edir;

 

5.10.17.

xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;

 

5.10.18.

Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə, yığıncaqlarda və elmi-texniki şuranın iclaslarında iştirak edir;

 

5.10.19.

şöbənin fəaliyyəti ilə bağlı Nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir;

 

5.10.20.

Nazirliyin rəhbərliyinin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər nazirlik, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və dövlət orqanlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir və Nazirliyin maraqlarını müdafiə edir;

 

5.10.21.

şöbəni təmsil edir.

 

5.11.

şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

5.12.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyır.