İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsi

 

I. Ümumi müddəalar

 

1.1 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra –Nazirlik) aparatının struktur bölməsidir.

 

1.2

Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra – qurumlar) fəaliyyəti ilə bağlı elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı sahəsini (bundan sonra – müvafiq sahə) şərtləndirən strateji hədəfləri müəyyənləşdirir.

 

1.3

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” qanunu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını, həmçinin bu Əsasnaməni rəhbər tutur.

 

1.4

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, qurumları, mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də sahə üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

II. Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.

Şöbənin  fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.1.1.

müvafiq sahə  üzrə normativ-hüquqi bazanın formalaşdırılmasına dair təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;

 

2.1.2.

müvafiq sahə üzrə konsepsiyaların, dövlət proqramlarının, strategiyaların hazırlanmasında iştirak edir və onların həyata keçirilməsini aidiyyəti üzrə əlaqələndirir;

 

2.1.3.

informasiya cəmiyyətinin inkişaf etdirilməsi, “rəqəmli fərqliliyin” aradan qaldırılmasına dair tədbirlər görür və bu sahədə fəaliyyəti əlaqələndir.

 

2.1.4.

ölkədə  internet şəbəkəsinin milli seqmentinin inkişafı üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, internetdən istifadənin və genişzolaqlı internet xidmətlərinin inkişafı üçün tədbirlər görür;

 

2.1.5.

informasiya təhlükəsizliyinin təmin edilməsi, fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyətin həyata keçirilməsində iştirak edir, bu sahədə Nazirliyin səlahiyyətlərinə aid işlərin əlaqələndirilməsini həyata keçirir;

 

2.1.6.

yeni texnologiyaların tətbiqi və informasiya xidmətlərinin genişləndirilməsi ilə bağlı tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

 

2.1.7.

yüksək texnologiyalar üzrə elmi-texniki və innovasiya siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

 

2.1.8.

aidiyyəti qurumlarla birlikdə nüvə texnologiyalarının dinc məqsədlərlə inkişafı üzrə Nazirliyin səlahiyyətlərinə aid işlərin əlaqələndirilməsini həyata keçirir.

 

2.1.9.

aidiyyəti qurumlarla birlikdə internet iqtisadiyyatının, o cümlədən rəqəmli bazarların inkişaf etdirilməsi üzrə tədbirlər görür və bu sahədə fəaliyyətin əlaqələndirilməsini həyata keçirir;

 

2.1.10. 

müvafiq sahə üzrə yüksəkixtisaslı kadr hazırlığının təmin edilməsi, mütəxəssislərin hazırlanması üzrə tədbirlərin həyata keçirilməsində iştirak edir;

 

2.1.11.

informasiya texnologiyaları sahəsində maarifləndirmə, məlumatlılıq və hazırlıq səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər görür;

 

2.1.12.

Nazirlikdə informasiya texnologiyalarının tətbiqi və informasiya sistemlərinin yaradılmasına və təkmilləşdirilməsinə nəzarəti həyata keçirir;

 

2.1.13.

qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Şöbənin vəzifələri

 

3.1.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.1.1.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun qaydada fəaliyyət sahələri üzrə qanun layihələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncam, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncam layihələrini, Nazirliyin normativ-hüquqi aktlarının layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək.

 

3.1.2.

aidiyyəti dövlət qurumları və Nazirliyin aparatının aidiyyəti struktur bölmələri ilə birlikdə müvafiq sahənin inkişafı üzrə prioritetləri müəyyən etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək, bu sahədə elmi-texniki siyasətin və inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

 

3.1.3.

müvafiq sahənin inkişafı üzrə Milli Strategiya, Dövlət Proqramlarının, icrasının əlaqələndirilməsini və monitorinqini təşkil etmək, gedişi barədə hesabatların hazırlanmasında iştirak etmək;

 

3.1.4.

yüksək texnologiyalar sektorunun formalaşdırlması və inkişaf etdirilməsi üzrə dövlət, elm, təhsil, biznes və vətəndaş cəmiyyəti tərəfdaşlığının inkişaf etdirilməsi üçün tədbirlər görmək;

 

3.1.5.

yüksək texnoloji və elmtutumlu məhsul və xidmətlərin yaradılması bağlı təkliflərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;

 

3.1.6.

yeni texnologiyaların tətbiqi, milli internet resurslarının inkişaf etdirilməsi, yeni informasiya xidmətlərinin, o cümlədən data-mərkəzlər vasitəsilə təşkili üzrə təkliflərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;

 

3.1.7.

ölkədə internetin inkişafı, internet xidmətlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üzrə zəruri tədbirlər görmək, bu sahədə monitorinqlər aparmaq, internet provayderlərin və operatorların fəaliyyətini əlaqələndirmək;

 

3.1.8.

İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının fəaliyyətini təşkil etmək;

 

3.1.9.

“.az” domenindən istifadənin genişləndirilməsi və onun inkişafı üzrə təkliflər vermək, bu sahədə fəaliyyəti tənzimləyən normativ-hüquqi sənədlərin hazırlanması onların tətbiqinə nəzarətin həyata keçirilməsində iştirak etmək;

 

3.1.10. 

informasiya təhlükəsizliyinin, kibertəhlükəsizliyin, fərdi məlumatların mühafizəsinin təmin edilməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək, bu sahədə Nazirliyin səlahiyyətlərinə aid işləri əlaqələndirmək;

 

3.1.11.

internet informasiya ehtiyatları barədə müvafiq məlumatların əldə edilməsi, internet mühitində istifadəçilərin hüquqlarının, fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyin pozulması halları ilə bağlı daxil olan müraciətləri araşdırmaq və onların həlli üzrə tədbirlər görmək;  

 

3.1.12.

fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi sahəsində fəaliyyətə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlı daxil olan müraciətlərə baxmaq, bu müraciətlərin mövcud tələblərə, qaydalara uyğunluğunu araşdırmaq və qanunvericiliyə müvafiq olaraq xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar sənədləri hazırlamaq və təkliflər vermək, lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət etmək;

 

3.1.13.

dövlət orqanlarında informasiya sistemlərinin və resurslarının inkişaf etdirilməsi üzrə təkliflər vermək, Nazirliyə daxil olan sənədlərin baxılmasında iştirak etmək;

 

3.1.14.

nüvə texnologiyalarının dinc məqsədlərlə inkişafı, ondan istifadənin təmin olunması və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi üzrə təkliflər vermək, bu sahədə Nazirliyin səlahiyyətlərinə aid işləri əlaqələndirmək;

 

3.1.15.

sahə üzrə beynəlxalq hesabatların təhlilini həyata keçirmək və informasiya cəmiyyəti statistikasının milli sisteminin inkişafı üzrə təkliflər hazırlamaq, informasiya cəmiyyəti üzrə beynəlxalq reytinq təşkilatlarına zəruri məlumatların təqdim olunmasında iştirak etmək;

 

3.1.16.

internet iqtisadiyyatının, rəqəmli bazarların, elektron ticarətin inkişafı ilə bağlı təkliflərin hazırlanması və həyata keçirilməsində iştirak etmək, bu sahədə Nazirliyin beynəlxalq təşkilatlarla fəaliyyətini əlaqələndirmək;

 

3.1.17.

innovasiya siyasətinin müəyyənləşdirilməsi və informasiya cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsini təmin edən elmi texniki potensialın genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;

 

3.1.18.

Nazirliyin fəaliyyət istiqamətləri üzrə yüksəkixtisaslı kadrlara olan tələbatı öyrənmək, kadr hazırlığını təmin edilməsi, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

 

3.1.19.

əhalinin informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə bilik və bacarıqlarının artırılması üçün təkliflər hazırlamaq və bu sahədə tədbirlərin həyata keçirilməsində iştirak etmək;

 

3.1.20.

Nazirliyin aparatının struktur bölmələri ilə birlikdə fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatlar, xarici ölkələrin müvafiq elmi mərkəzləri və təşkilatları ilə əlaqələr qurmaq, Nazirliyin beynəlxalq elmi, elmi-texniki proqram və layihələrdə iştirakına dair işləri əlaqələndirmək;

 

3.1.21.

fəaliyyət istiqamətləri üzrə yerli, regional və beynəlxalq tədbirlərin, konfransların, təlimlərin, müsabiqələrin, olimpiadaların və digər tədbirlərin keçirilməsi ilə bağlı təkliflər vermək, onları həyata keçirmək və ya həyata keçirilməsində iştirak etmək;

 

3.1.22.

fəaliyyət istiqamətləri üzrə Nazirliyə daxil olan normativ hüquqi aktlar, dövlət proqramları, strategiyalar və digər müvafiq sənəd layihələrinə rəy vermək;

 

3.1.23.

fəaliyyət istiqamətləri üzrə dövlət standartlarının və təsnifatlarının hazırlanmasında iştirak etmək;

 

3.1.24.

fəaliyyət sahələri üzrə Nazirliyin digər icra hakimiyyəti orqanları, özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə fəaliyyətini əlaqələndirmək;

 

3.1.25.

Nazirliyin fəaliyyəti barədə ictimai məlumatlandırma prosesində aidiyyəti üzrə iştirak etmək;

 

3.1.26.

fəaliyyət istiqamətləri üzrə Nazirliyə daxil olan ərizə və şikayətlərə baxmaq, onlara vaxtında cavab vermək və digər tədbirlər görmək;

 

3.1.27.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Şöbənin hüquqları

4.1.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.1.1.

fəaliyyət istiqamətləri üzrə hüquqi aktların ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək;

 

4.1.2.

fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

 

4.1.3.

Nazirliyin mütəxəssislərinin müxtəlif təlim kurslarında, forum və konfranslarda iştirakına dair təkliflər vermək;

 

4.1.4.

Nazirliyin aparatının struktur bölmələri, dövlət orqanları, bələdiyyələr, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar, xarici ölkələrin aidiyyəti dövlət qurumları, yüksək texnologiyalar sektoru üzrə fəaliyyət göstərən yerli və xarici özəl şirkətlər, elmi-tədqiqat institutları, təhsil ocaqları, kütləvi informasiya vasitələri və  ictimai təşkilatlarla qarşılıqlı işgüzar əlaqələr qurmaq, onlarla birgə müvafiq tədbirlər görmək;

 

4.1.5.

Nazirliyin aparatının struktur bölmələrinə, qurumlara, idarə və təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

 

4.1.6.

Nazirliyin aparatının struktur bölmələrinin rəhbərlərinin razılığı ilə bu bölmələrin işçilərini sənədlərin hazırlanmasına, həmçinin şöbənin üzərinə qoyulmuş vəzifələrə uyğun olaraq keçirdiyi tədbirlərin yerinə yetirilməsinə cəlb etmək;

 

4.1.7.

fəaliyyət sahələri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və araşdırmalar aparmaq;

 

4.1.8.

sərgilərin, forumların seminarların və konfransların keçirilməsində iştirak etmək və belə tədbirlərdə iştirak barədə təkliflər vermək;

 

4.1.9.

fəaliyyət sahələri üzrə normativ sənədlərin işlənib hazırlanmasında iştirak etmək;

 

4.1.10. 

Nazirliyin aparatının struktur bölmələrində informasiya texnologiyalarının tətbiqi və təkmilləşdirilməsi üzrə işlərin təşkilində iştirak etmək;

 

4.1.11.

şöbə tərəfindən görülən işin gedişatı və görülən iş çərçivəsində nəticələr barədə mütəmadi olaraq Nazirliyin rəhbərliyinə məruzə etmək;

 

4.1.12.

fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi sahəsində lisenziya verilmiş fiziki və hüquqi şəxslərdən, mövcud qanunvericiliyə uyğun olaraq, lazımi məlumatları, o cümlədən statistik məlumatları (konfidensiallığı gözlənilməklə) tələb etmək, lisenziya şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;

 

4.1.13.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılması, qanunun tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi üçün təkliflər vermək;

 

4.1.14.

rəhbərliyin razılığı ilə fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatların və işçi qruplarının fəaliyyətində iştirak etmək;

 

4.1.15.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Şöbənin fəaliyyətinin təşkili

 

5.1

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbə bilavasitə nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

 

5.3.

Şöbəyə nazir tərəfindən təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.4.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbənin inzibati vəzifə daşıyan əməkdaşlarından biri həyata keçirir.

 

5.6.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.7.

Şöbə müdiri:

 

5.7.1.

şöbənin iş planını tərtib edir və icrası barədə rəhbərliyə hesabat verir;

 

5.7.2. 

şöbə işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təşkil edir və rəhbərliyə təqdim edir;

 

5.7.3.

işçilər arasında iş bölgüsü aparır, şöbənin fəaliyyət istiqamətləri və vəzifələrinə uyğun olaraq işçiləri təlimatlandırır;

 

5.7.4.

şöbə işçilərinin öz vəzifələrini düzgün icra etmələrinə, əmək intizamına və daxili qaydalara riayət olunmasına nəzarət edir, həmçinin işçilərin mükafatlandırılması barədə rəhbərliyə təkliflər verir;

 

5.7.5.

şöbədə kargüzarlıq işlərinin Azərbaycan Respublikası “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasına nəzarət edir;

 

5.7.6.

şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin təmin edilməsinə cavabdehlik daşıyır;

 

5.7.7.

Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda iştirak edərək, fəaliyyətini əlaqələndirdiyi sahələrin fəaliyyətlərindən irəli gələn məsələlərin müzakirəyə çıxarılması üçün təklif verir;

 

5.7.8.

rəhbərliyin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər mərkəzi icra hakimiyyəti orqanlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir və onun maraqlarını müdafiə edir;

 

5.7.9.

Nazirliyin Əsasnaməsində nəzərdə tutulmuş və şöbənin fəaliyyəti ilə əlaqədar işlərin yerinə yetirilməsinə rəhbərlik edir.

 

5.8.

şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.9.

şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyırlar.