Poçt

Tarixi və inkişafı

 

Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.

 

  • 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
  • 1830-cu ildə Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan ərazisində - Şuşada, Şamaxıda, Bakıda və Naxçıvanda 1-ci dərəcəli, Gəncə və Qubada isə 2-ci dərəcəli poçt kontorları yaradılıb.
  • 1861-ci ildə ilk dəfə olaraq, Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranıb.
  • 1863-1872-ci illərdə İran tranzit ticarətinin müdafiəsi məqsədilə Tiflis və Culfa arasında poçt rabitəsi yaradılıb. Culfada poçt şöbəsi yaradılaraq, İranla Azərbaycan arasında ilk beynəlxalq məktub korrespondensiyası mübadiləsi təsis edilib.

 

Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınmasına 9 may 1883-cü ildə Bakı-Tiflis,1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.

 

28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən 6 oktyabr 1918-ci ildə hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb.

 

Respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırıb. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-ə çatdırılıb. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7%-i kənddə yerləşirdi. Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 km. təşkil edib.

 

Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir ki, bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinə düşərdi. Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edirdi. Bu çətinliklərə baxmayaraq, müharibə illərində poçt işçiləri öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər. 1945-ci ildə Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edilməsi beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanmasına və çatdırılmasına daha yaxşı nəzarət edilməsi imkanı yaradıb.

 

Müharibədən sonrakı illərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, poçt sahəsinin inkişafında da əhəmiyyətli işlər görülüb. Belə ki, 1970-ci ildə respublikada poçt rabitəsi müəssisələrinin sayı 3 dəfə artaraq 1590-a, o cümlədən kənd yerlərində 1171-ə çatıb. Bundan başqa, məktub korrespondensiyasının sayı 3 dəfə, bağlamalar 2 dəfə, qəzet və jurnallar 6,5 dəfə, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km, avtomobil marşrutlarının sayı 9 dəfə artaraq 1705 min km təşkil edib.

 

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib.

 

Müstəqilliyin ilk illərində digər qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da poçt rabitəsi özünün ən çətin dövrlərindən birini yaşayıb. Lakin 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən məqsədyönlü tədbirlər və uğurlu kadr islahatları çərçivəsində 1997-ci ilin mart ayında poçt rabitəsinin qısamüddətli “Dirçəliş və inkişaf proqramı” qəbul olunub, dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilib. Nəticədə 2000-ci ildən etibarən poçt rabitəsi yenidən rentabelli fəaliyyət göstərməyə başlayıb.

 

2002-ci ildə poçt rabitəsi xidmətlərinin göstərilməsi proseslərini tənzimləyən ilk milli “Poçt rabitəsi Qaydaları” hazırlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirilib və istifadə üçün poçt rabitəsi müəssisələrinə göndərilib. 2004-cü ildə qəbul olunan və 2008-ci ildə maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı dəyişikliklər edilən  “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu poçt rabitəsi sahəsinin inkişafını daha da sürətləndirib və milli poçt rabitəsi operatorunun şəbəkəsi vasitəsilə yeni xidmətlərin göstərilməsinə geniş imkanlar yaradıb. 2016-cı ildə isə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” yenidən işlənib, müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib və istifadə üçün poçt müəssisələrinə göndərilib.

 

Ölkənin milli poçt operatoru olaraq, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. Poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi, texniki avadanlıqlarla  təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam təminat verir.

Bununla belə, respublikada milli poçt operatoru olan “Azərpoçt” MMC ilə yanaşı, 60-dan çox özəl poçt operatoru vasitəsilə hüquqi və fiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərilir.

 

Azərbaycan Poçt Administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 1993-cü ildə Ümumdünya Poçt İttifaqına (ÜPİ), 2000-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT) üzv qəbul edilib. Azərbaycan poçtunun ən böyük uğurlarından biri kimi ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.

 

“Azərpoçt” MMC 1998-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin üzvü,  ÜPİ Poçt Texnologiyaları Mərkəzinin məhsullarının aktiv istifadəçisidir. Belə ki, “Azərpoçt” MMC öz fəaliyyətində 2001-ci ildən “IPS.light” izləmə sistemini, 2005-ci ildən IFS/STEFI beynəlxalq pulköçürmələri sistemini, 2013-cü ildən Qlobal monitorinq sistemini, 2016-cı ildən “IPS.Post” yeni izləmə sistemini  tətbiq etməklə, bu sistemlərin imkanlarından faydalanmaqdadır. 

 

2010-cu ildə  Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə razılıq (lisenziya) verildikdən sonra “Azərpoçt” MMC Beynəlxalq ödəniş sistemləri olan SWIFT-ə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.

 

 “Azərpoçt” MMC-nin beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikatına layiq görülməsidir.

 

Milli markalar

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R