Maliyyə xidmətlərinin inkişafı layihəsi

Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf krediti haqqında” Saziş (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi - MXİL) 24 may 2005-ci il tarixində imzalanıb. Ölkə Prezidentinin 25 avqust 2005-ci il tarixli 973 nömrəli sərəncamı ilə təsdiq edilmiş layihə “Azərpoçt” MMC-nin mövcud platformasından istifadə etməklə, maliyyə xidmətlərinin inkişafına şərait yaratmaq məqsədi daşıyır. Layihə, həmçinin kənd yerləri və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışını təmin etməyi və 1491 poçt şöbəsi vasitəsilə müştərilərə geniş həcmli xidmətlər təklif etməyi nəzərdə tutur. Layihənin həyata keçirilməsinə 2005-ci ilin 14 oktyabr tarixindən başlanılıb və 30.06.2010-cu il tarixində sona çatıb. Layihə Dünya Bankının krediti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə vəsaiti və İsveçrənin “SECO” təşkilatının qrant vəsaiti hesabına həyata keçirilib.


Layihə çərçivəsində  Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) texniki yardımı ilə “Azərpoçt” MMC üçün yeni hesablar planı hazırlanıb və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilərək tətbiqinə başlanılıb. Eyni zamanda Niderlandın “FACP” şirkətinin məsləhətçiləri tərəfindən “Azərpoçt”  MMC-də institusional quruculuğun həyata keçirilməsinə yardım göstərilib, PF və PŞ-lərdə  islahatlar aparılmaqla,  MMC-nin strukturunun bank-maliyyə xidmətləri göstərən qurumların strukturuna uyğunlaşdırılması təmin edilib.
Hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər və əlavələr 02 oktyabr 2008-ci il tarixində Milli Məclis tərəfindən qəbul olunub və Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il  tarixli 17 nömrəli Fərmanı ilə təsdiq edilib.


Layihə çərçivəsində həmçinin “Azərpoçt” MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (AKİS) satınalınması və sistemin quraşdırılması uğurla sona çatdırılıb. Həmçinin, “Azərpoçt” MMC-nin Baş İdarəsi, daha sonra Bakı şəhərində və bölgələrdə yerləşən PF-lər tam avtomatlaşdırılmaqla, bütövlükdə 1200-dən çox PŞ-lərin və PA-lərin avtomatlaşdırılması həyata keçirilib. PŞ-lərin AKİS-ə qoşulması hazırda da davam etdirilməkdədir.


Yeni maliyyə xidmətlərinin göstərilməsi məqsədilə “Azərpoçt” MMC-nin AMB-nin AZİPS və XÖHKS sistemlərinə, eləcə də “SWIFT” beynəlxalq ödəniş sisteminə qoşulub. Həmçinin ABŞ-ın “Citibank”, Avstriyanın “Raifeizenbank” və Rusiyanın “Sberbank”ında “Azərpoçt” MMC-yə məxsus xarici valyutalarda müxbir hesabları açılıb ki, beynəlxalq bank əməliyyatları həmin hesablar vasitəsilə həyata keçirilir.


Bundan başqa, “Azərpoçt” MMC-nin PŞ-ləri “Western Union”, “Zolotaya Korona”, “Contact” beynəlxalq pulköçürmələri sisteminə, eyni zamanda “Azərpoçt” MMC-nin plastik kartlarının emissiyası və plastik kartlar bazarına inteqrasiyası məqsədlə “MilliKart” MMC prossesinq mərkəzinə qoşulmaqla, lokal kartların və  “MasterCard” loqolu plastik kartların emissiyasına başlanılıb.


AMB tərəfindən 16 aprel 2010-cu ildə “Azərpoçt” MMC-yə verilmiş razılığa (lisenziyaya) uyğun olaraq, AKİS-ə qoşulmuş bütün şöbələrdə əksər bank-maliyyə xidmətlərinin (poçt hesablarının açılması və aparılması; pulköçürmələrinin həyata keçirilməsi, maliyyə təsisatlarında, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankında müxbir hesabların açılması, ödəniş vasitələrinin, o cümlədən debet kartlarının, müştərilərin sifarişi və vəsaiti hesabına xarici valyutanın alqı-satqısı, nağd pulun və digər qiymətlilərin inkassasiyası) göstərilməsinə başlanılıb.

 

Maliyyə sektorunun modernizasiyası layihəsi

 

Maliyyə xidmətlərinin inkişafı layihəsinin davamı kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.11.2012-ci il tarixli 302s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma  və İnkişaf Bankı arasında “Azərbaycan Respublikası: İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin “Maliyyə sektorunun modernizasiyası layihəsi” yerinə yetirilib. Layihənin ikinci modulunun tələblərinə uyğun olaraq, “Azərpoçt” MMC-nin işçilərinin təlimi, yeni imicinin formalaşdırılması və 2011-2012-ci illər üçün auditinin aparılması məqsədilə 600,000 (50,000 DB-ya aiddir) ABŞ dolları məbləğində ayrılmış qrant vəsaiti hesabına hər üç komponent üzrə müvafiq olaraq layihələr həyata keçirilib.


“Azərpoçt” MMC-nin işçilərinin təlimi layihəsi üzrə keçirilən tenderdə Azərbaycan Bank Tədris Mərkəzi qalib olub və layihə çərçivəsində bütövlükdə 01 mart 2014-cü il tarixindən 31 avqust 2015-ci il tarixinədək olan dövrdə MMC-də poçt və maliyyə xidmətləri üzrə təlim potensialı yaradılıb, maliyyə xidmətləri sahəsində 22 mövzu üzrə 31, poçt xidmətləri sahəsində 6 mövzu üzrə 13 olmaqla, cəmi 28 mövzu üzrə 44 təlimçi hazırlanıb. Bundan başqa, MMC-nin 16 mövzu üzrə məsafəli təlim təqdim edən və  LMS portalı yaradılmaqla,  layihənin həyata keçirildiyi  dövr ərzində ümumilikdə 3643 nəfər əməkdaşı təlimlərdə iştirak ediblər.


MMC-nin imicinin yenidən qurulması layihəsi üzrə keçirilən tenderdə Niderlandın “GUYDYON”, daha sonra isə “AzEkoKonsaltinq” şirkəti tenderin qalibi olub. Layihə çərçivəsində pilot kimi  Dünya Bankı Şirvan şəhərini seçib, RPF-nin Müştəri xidmətləri şöbəsinin yeni imicinin dizaynı hazırlanıb və yeni dizayna uyğun olaraq şöbə əsaslı təmir edilib.  Məsləhətçilər filial haqqında lazımi məlumatları toplamaq üçün Şirvan şəhərində müxtəlif sorğular keçirib, zəruri qiymətləndirmə işləri aparıblar. Layihənin yekununda texniki tapşırığın tələblərinə uyğun olaraq, brend strategiyası, bazar analizi, məhsul analizi, satış planı, marketinq planı və marketinq strategiyasına dair hesabatların ilkin variantı hazırlanaraq MMC-yə  təqdim edilib.


2011-2012-ci illər üçün auditin aparılması layihəsi üzrə keçirilən tenderdə KPMG şirkəti qalib olub və texniki tapşırığa uyğun olaraq, şirkət tərəfindən işlər vaxtında tamamlanıb, müvafiq hesabat və tədbirlər planı hazırlanaraq nəzərə alınması üçün MMC-yə təqdim edilib.


Həyata keçirilmiş layihələr nəticəsində “Azərpoçt” MMC-nin ölkənin bütün ərazisini əhatə edən şəbəkəsi vasitəsilə əhaliyə keyfiyyətli poçt-maliyyə xidmətlərini göstərmək üçün  əlverişli şərait yaradılıb.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R