Rəqəmli televiziya yayımı

 

Azərbaycan Respublikası ərazisində rəqəmli televiziya yayımının tətbiqi

 

Digər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikası ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi tərəfindən hazırda müvafiq tədbirlər görülməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274s saylı 13.09.2006-cı il tarixli sərəncamına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib.  Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan  Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq olunub.

 

Azərbaycanda ilk dəfə rəqəmli TV verici Bakı şəhərində 2004-cü ildə quraşdırılıb. O vaxt bu  verici vasitəsilə MPEG-2 standartında 4 TV proqramın yayımı test edilirdi. 2008-ci ildə isə Bakı şəhərində MPEG-4 standartlı TV yayımın test işlərinə başlanılıb.

 

Artıq 2009-cu ildə Bakı şəhəri və ətraf ərazilərdə MPEG-4 standartla 12 TV proqramın yayımı həyata keçirilməyə başladı. Həmin il əhalinin artıq 35%-i rəqəmli TV-ni qəbul etmək imkanına malik oldu. 2010-cu ildə ölkə ərazisində rəqəmli TV yayım şəbəkəsi genişləndirilərək, Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və respublikanın cənub bölgəsində yayıma başlanıldı. Bununla da ölkə əhalisinin 55%-nin rəqəmli TV ilə əhatə olunması təmin edildi.

 

2011-ci ildə isə qarşıya qoyulan əsas məsələ ilin sonuna kimi  ölkə əhalisinin 85%-nin açıq yayımlanan paketlə təmin edilməsi idi. Bu məqsədlə, respublikanın TV stansiyalarında müxtəlif güclü TV vericilər quraşdırılıb. Hazırda ölkədə əhali yaşayan ərazilərin  təxminən 99%-i açıq paketli 10 – 12 TV proqramdan ibarət rəqəmli yayımla əhatə edilib.

 

Ölkə əhalisinin rəqəmli TV proqramları qəbul etmək imkanına malik olması, yəni, rəqəmli televiziya  yayımının efirdən qəbulu üçün rəqəmli televizor və ya analoq televizorlara qoşulacaq qəbuledici qurğuların (set-top-box) əldə edilməsi üçün  Mingəçevir şəhərində  “Kür” zavodu, Bakı şəhərində isə  “Peyk” zavodu tərəfindən “set-top-box”-ların satışı təşkil olunub. Bununla belə, müxtəlif şirkətlər tərəfindən də həmin “set-top-box”-ların ölkəyə gətirilməsi və əhaliyə satılması üçün  müvafiq tədbirlər görülür.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R