“İctimai İnternet”

2017-ci ilin 19 mart tarixindən etibarən yerli turizmin inkişafına töhfə vermək, paytaxt sakinləri və qonaqlarının asudə vaxtlarını səmərəli etmək məqsədi ilə Bakı şəhərinin əsas park və xiyabanlarında “Pulsuz Wi-Fi” xidmətinin təşkilinə başlanılıb. Bu təşəbbüs yerli əhali ilə yanaşı, turistlərin də diqqətini cəlb edib. Aparılan statistika göstərir ki, turist axınının daha çox qeydə alındığı yay aylarında “Pulsuz Wi-Fi” xidmətindən istifadə edənlərin sayı daha çox olub. Bu rəqəm gün ərzində 10 000-ə yaxın olub. Qoşulma sayı 6 milyona yaxındır.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə  "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Baktelecom”) tərəfindən əhalinin pulsuz internetlə təminatı “İctimai İnternet” layihəsi çərçivəsində reallaşdırılıb.

 

Layihə çərçivəsində ilk olaraq Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi təchiz edilib. Layihənin reallaşması zamanı xüsusi yanaşma tələb edən memarlıq abidələrinin ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə xüsusi həssaslıqla görülüb.

 

Dünya təcrübəsi nəzərə alınaraq “Pulsuz Wi-Fi” xidməti də genişzolaqlı (yüksəksürətli) internet şəbəkəsi kimi istifadəçilər arasında bərabər paylanıb. Eyni zamanda, heç bir sürət həddi tətbiq olunmayıb. İstifadəçi qoşulduğu andan etibarən 1 saat ərzində pulsuz internetdən maneəsiz yararlana bilir. Eyni istifadəçi gün ərzində 3 dəfə pulsuz xidmətdən faydalanmaq imkanına malikdir.  

 

Ötən müddət ərzində layihənin əhatə dairəsi fasiləsiz olaraq genişləndirilib.

 

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkəmizdə xarici qonaqların sayının artması nəzərə alınaraq Bakı bulvarının  “Ağ şəhər” ərazisi, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkı da pulsuz internetlə təchiz edilib. “Formula 1” Azərbaycan Qran Pri yarışı ərəfəsində paytaxt ərazisinə turist axını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarı ilə bağlı “Xaqani” və “Sabir” bağları da “Pulsuz Wi-Fi” şəbəkəsinə qoşulub. Ardıcıl olaraq “Axundov bağı”, “Qış parkı”, “Zabitlər bağı”nda istirahət edənlər üçün də pulsuz internet xidməti əlçatan olub. 2017-ci ilin yay aylarında “Hüseyn Cavid parkı”, “Səməd Vurğun” və “Muğan” bağları, “Fashion Avenue” "İctimai İnternet" layihəsinin davamı kimi “Pulsuz Wi-Fi” şəbəkəsi ilə təmin edilib. Son olaraq “İzmir parkı”, “Nərimanov parkı” və “Dədə Qorqud parkı” da ictimai internetlə təchiz edilib.

 

Layihə çərçivəsində “Huawei”, “ZTE” və “Microtic” şirkətləri ilə əməkdaşlıq edilir. İnternet təchizatını təmin etmək üçün ümumilikdə 300-ə yaxın qoşulma nöqtəsi (access point) quraşdırılıb.

 

“Pulsuz Wi-Fi” şəbəkəsinə insanların daha rahat qoşulması müasir sistem üzərindən həyata keçirilir. Xidmətdən istifadə etmək üçün müxtəlif konfiqurasiyalı mobil cihazın “Wi-Fi” siyahısından “Baktelecom”u seçib uyğun xanaya mobil nömrəni yazaraq, SMS-lə gələn şifri müvafiq xanaya daxil edib internetə qoşulmaq mümkündür. SMS-lə qeydiyyat sistemi təhlükəsizliyin təmin edilməsinə hesablanıb və göndərilən şifr ilə yalnız 1 (bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R