"Şəbəkə"

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan "Şəbəkə" xidmət mərkəzləri artıq 1 ildən çoxdur ki, fəaliyyət göstərir.

 

Hazırda respublika üzrə 7 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir.

 

Yaxın günlərdə Sumqayıt şəhərində  də ilk “Şəbəkə” xidmət mərkəzi açılacaq. “Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə "Şəbəkə" mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdiriləcək.

 

“Şəbəkə” xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və  turizm xidmətləri də göstərilir.

 

Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

 

Mərkəzlərdə həm də xüsusi özünəxidmət terminallarından istifadə edərək kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

 

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. “Şəbəkə”yə məxsus 123 Çağrı  mərkəzi isə  həftə içi 8:00-dan 20:00-dək, şənbə günü 9:00-dan 19:00-dək, bazar  günü  isə 9:00-dan 18:00-dək  daxil olan bütün sorğuları qəbul edir.

 

"Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsi və  bürokratiya hallarının aradan qaldırılmasıdır.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R