“Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi” Proqramı (TRACECA)

Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.

 

TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı  proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.

 

7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış, Bakı Bəyannaməsi qəbul edilmişdir.

 

Əsas Çoxtərəfli Saziş (ƏÇS) Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionunda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, avtomobil, hava və dəmir yolu, eləcə də ticarət gəmiçiliyi bazarlarına çıxışın asanlaşdırılması, yük və sərnişinlərin, həmçinin karbohidrogen resurslarının beynəlxalq daşımalarının inkişaf etdirilməsi, nəqliyyatın təhlükəsizliyinin, ətraf mühitin mühafizəsi, müxtəlif nəqliyyat növləri arasında bərabər rəqabət şəraitinin yaradılması kimi məsələlər üzrə əməkdaşlığı nəzərdə tutur.

 

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi 2001-ci ildə Bakı şəhərində açılmışdır, hazırkı Baş katib Mirça Çiopraqadır (Rumıniya).

 

TRACECA Proqramının inkişafında mühüm hadisələrdən biri də 2008-ci il 04 dekabr tarixində Bakı şəhərində keçirilmiş TRACECA Nəqliyyat Nazirlərinin Yubiley Konfransı olub.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R