Avtomobil nəqliyyatı

Azərbaycanda avtomobil nəqliyyatının tarixi XX əsrin əvvəllərinə təsadüf edir. 1911-ci ildə Azərbaycanda cəmi 36 ədəd avtomobil olub. Bərk örtüklü yolların uzunluğu isə cəmi 210 km təşkil edib.

 

1920-1930-cu illərdə əsasən neft sənayesində texnoloji və xüsusi məqsədlər üçün ixtisaslaşdırılmış avtomobil parkı yaranmağa başlayıb.

 

1926-cı ildə respublikada 896 ədəd avtomobil olub, ki onlardan da 275 ədədi minik, 518 ədədi yük və 103 ədədi ixtisaslaşdırılmış avtomobillər olub. Yük avtomobillərinin 400-dən bir qədər çoxu "AzNeft”in sərəncamında olub.

 

Avtomobil parkının artması şose yollarının uzunluğunun artmasına səbəb oldu. Həmin dövrdə şose yollarının uzunluğu 6500 km, o cümlədən 2300 km ittifaq və respublika əhəmiyyətli yollar təşkil edib.

 

Sürətlə inkişafda olan respublikanın sənaye, kənd təsərrüfatı, müdafiə və digər sahələrdə nəqliyyata tələbatın  təmin olunması məqsədi ilə çevik avtomobil təsərrüfatının yaradılması vacib tədbirlərdən biri olub.

 

Bu məqsədlə, 1935-1936-cı illərdə respublikamızda "Soyuztrans" adlı ümumi istifadəli bir avtonəqliyyat qurumu yaradılıb. Bu idarənin nəzdində sərnişin və yük daşımaları ilə məşğul olan avtomobil dəstələri fəaliyyət göstərib.

 

1939-cu ildə Avtonəqliyyat Xalq Komissarlığı (avtomobillərin sayı 600-800 ədəd olub), 1946-cı ilin mart ayında Avtomobil Nəqliyyatı Nazirliyi yaradılıb.

 

Avtomobil Nəqliyyatı Nazirliyi tədricən inkişaf edərək 1987-1990-cı illərdə öz zirvəsinə çatıb və onun nəzdində 140 ANM, 9 sənaye, 11 tikinti müəssisəsi olub.

 

1992-ci ilin fevral ayında "Azəravtonəqliyyat" Dövlət Konserni yaradılıb. Avtomobil nəqliyyatı vasitələri parkının tərkibi 16000 ədəd yük, 7600 ədəd minik (taksi) avtomobillərindən və 5800 ədəd avtobusdan ibarət  olub.

 

Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi proqramlarına uyğun olaraq, 1995-ci ildən başlayaraq, nəqliyyat müəssisələrinin özəlləşdirilməsinə başlanılmış və hal-hazırda, erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərdə yerləşən müəssisələr istisna olmaqla, demək olar ki, bütün avtonəqliyyat müəssisələri özəlləşdirilib.

 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı Fərmanı ilə “Nəqliyyat Nazirliyi haqqında Əsasnamə” təsdiq edilib. Fərmanın 8-ci bəndinin icrası olaraq Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 4 nömrəli əmri ilə “Avtonəqliyyatservis” Departamenti MMC yaradılıb.

 

"Avtonəqliyyatservis" Departamentinin tərkibinə aşağıdakı müəssisə və təşkilatlar daxil olub:

 

Tədris-Kurs Kombinatı - 1934-cü ildə yaradılıb və neft sənayesi üçün nəqliyyat üzrə kadr hazırlığı ilə məşğul olub. Hal-hazırda Kombinat Müdafiə Nazirliyinin sürücü kadrlarla təmin olunmasında, respublikada sərnişin və yük daşımaları üçün müxtəlif kateqoriyalı sürücülərin hazırlanmasında və onların ixtisas dərəcələrinin artırılmasında mühüm rol oynayır. Kombinatda, həmçinin müntəzəm sərnişin daşımalarında çalışan avtobus sürücüləri üçün xüsusi hazırlıq təlimi keçirilir.  Gəncə, Lənkəran, Biləsuvar, Naxçıvan, Şirvan şəhərlərində filialları vardır.

 

Nəqliyyat vasitələrinin texniki tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 15 sentyabr tarixli 32/Ü saylı Sərəncamı ilə Texniki Müayinə Mərkəzi yaradılıb. Onun Sumqayıt, Gəncə, Yevlax, Şəki, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində filialları fəaliyyət göstərir.

 

"Nəqliyyatservis" Avtonəqliyyat müəssisəsi MMC dövlət tədbirlərinin keçirilməsində əhaliyə, xarici qonaqlara, xarici və yerli təşkilatlara avtomobil nəqliyyatı ilə nümunəvi, ödənişli nəqliyyat xidməti göstərir.

 

Texniki İdman Klubu - avtonəqliyyat sahəsində idman tədbirləri keçirir (hal-hazırda fəaliyyət göstərmir).

 

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, eləcə də dövlət orqanları, daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və nəqliyyat xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərin tənzimlənməsi və dövlət nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə 2008-ci il 1 aprel tarixində “Avtomobil nəqliyyatı haqqında  Azərbaycan Respublikasının Qanunu” qəbul edilmiş, bu Qanunun tətbiq edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının tələblərinin təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamenti MMC-nin əsasında Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Dövlət Avtomobil Nəqliyyatı Xidməti” yaradılıb, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli  Fərmanı ilə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə” təsdiq edilib.

 

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanına əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil edilmişdir.  

 

Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir, avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür, qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R