• Bakı şəhəri, Xanlar küçəsi, 2B
  • (+99412) 497 44 05
  • info@ardda.gov.az
  • www.ardda.gov.az

Dövlət Dəniz Agentliyi

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2001-ci il tarixli 697 saylı Sərəncamına əsasən yaradılıb.

 

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Administrasiya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi Nazirliyin strukturuna daxil edilib.

 

Agentlik Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

 

Azərbaycan Respublikası 15 may 1995-ci il tarixindən Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür. Dövlət Dəniz Agentliyi Beynəlxalq Dəniz Təşkilatı ilə sıx əməkdaşlıq edir,  təşkilatın iclaslarında, şuralarında və asambleyalarında yaxından iştirak edir.

 

Fəaliyyət istiqamətləri:

 

  • Azərbaycan Respublikasının ərazisində liman nəzarətini və Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətini həyata keçirmək;

 

  • Dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına nəzarət etmək;

 

  • Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyündə bələdçi xidmətinin fəaliyyətinə nəzarəti həyata keçirmək;

 

  • Azərbaycan Respublikasının ərazisində gəmilərin üzmə rejimini təşkil etmək və həmin rejimə riayət edilməsinə nəzarəti həyata keçirmək;

 

  • Dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində, tədbirlər görmək;

 

  • Qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada, dənizdə batmış üzmə vasitələrinin (əmlakı ilə birlikdə) çıxarılmasını təşkil etmək və onun mühafizə olunması üçün zəruri tədbirlər həyata keçirmək;

 

  • Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, habelə gəmi sənədlərini vermək;

 

  • Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası dəniz registrinin fəaliyyətini tənzimləmək, habelə Azərbaycan Respublikasında beynəlxalq təsnifat cəmiyyətlərinin fəaliyyət göstərməsinə razılıq vermək və onların fəaliyyətinə nəzarət etmək;

 

  • Qanunvericiliklə müəyyən edilmiş qaydada gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri daxil olmaqla, müvafiq sənədlərin verilməsi üçün zəruri tədbirlər görmək;

 

  • Gəmilərin saxlanılmasına və istismarına dair texniki tələbləri və qaydaları hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək;

 

  • Qanunvericiliklə müəyyən edilmiş qaydada dənizçi pasportlarının, dənizçilik rütbələrinin verilmə qaydalarının layihələrini hazırlamaq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək, dənizçilərə ixtisas şəhadətnamələri (diplomları) və dənizçi pasportları vermək;

 

  • Qanunvericiliklə müəyyən edilmiş qaydada limanlar, liman məntəqələri və yükaşırma terminalları daxil olmaqla, dəniz nəqliyyatı obyektlərinin tikintisinə icazə vermək;

 

  • Mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağından) asılı olmayaraq, gəmilərdən və obyektlərdən neft və neft məhsullarının və digər zərərli maddələrin dənizə axıdılmasının qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində zəruri tədbirlər görmək;

 

  • Azərbaycan Respublikasının Xəzər dənizinin axtarış-xilasetmə məsul sektorunda Azərbaycan Respublikasının və xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən dənizdə qəzaya uğramış insanların axtarışı və xilas edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində iştirak etmək;

 

  • Gəmi və dəniz nəqliyyatının digər obyektləri ilə kriptoqrafik rabitənin təşkilində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək.