• Bakı şəhəri, AZ1004, Mikayıl Müşfiq küçəsi 2H
  • (+99412) 310 14 00
  • (+99412) 493 41 00
  • info@hightech.az

İnnovasiyalar Agentliyi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.

 

İnnovasiyalar Agentliyi yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.

 

Agentliyin əsas məqsədi İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması, yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasıdır.

 

Azərbaycanda və regionda iqtisadi güzəştlər, biznes xidmətləri və qabaqcıl avadanlıqlardan təşkil olunmuş əlverişli şəraitin hesabına yüksək texnologiya iqtisadiyyatını inkişaf etdirmək agentliyin əsas missiyasıdır.

 

İnnovasiyalar Agentliyinin hədəfi “Made in Azerbaijan” brendi ilə innovativ və yüksək texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə mövcud yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaq, rəqəmsal transformasiya məqsədli məhsul və xidmətləri müəyyənləşdirmək, robot və bulud texnologiyalarına, irihəcmli məlumatların emalına, süni intellektə əsaslanan həlləri dəstəkləməkdir.

 

Agentlikdə gənclərin ideyalarının dəstəklənməsi, innovativ ideyalar bazasının formalaşdırılması, həmçinin innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənməsi və təkmilləşdirilməsi məqsədilə Biznes İnkubasiya və Akselerasiya Mərkəzi fəaliyyət göstərir. Biznes inkubator həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən iş şəraiti ilə təmin edilib.

 

İnnovasiyalar Agentliyində, eyni zamanda, startapların ilkin prototiplərinin hazırlanmasına dəstək məqsədli laboratoriya yaradılıb.

 

Agentlik tərəfindən mühəndislik və proqramlaşdırma kursları, data analitika və mühasibatlıq təlimləri keçirilir.

 

İnnovasiyalar Agentliyi ölkədə fәaliyyәt göstәrәn startap layihәlәrinin müəlliflərinin xaricdә investisiya yönümlü beynәlxalq startap tәdbirlәrindә, sәrgilәrdә, konfranslarda, festivallarda iştirakına dəstək olur, hәmçinin xarici investorlarla görüşlәrin keçirilmәsi mәqsәdilә sәfәr qrantları tәşkil edir.