date icon
09.04.2019 / 17:32

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində təmsil olunur

Azərbaycan İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində (WSIS-2019) təmsil olunur.

 

Sammitdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti iştirak edir.

 

Sözügedən sammit informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün dünyanın illik ən böyük sammitlərindən biridir.

 

İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin  həyata keçirilməsinə şərait yaradan çoxsaylı maraqlı tərəflərin platformasıdır. Bu tədbir inkişafda olan informasiya cəmiyyətinin yeni  tendensiyalarını müəyyən etmək, informasiya mübadiləsi və qabaqcıl təcrübələrin bölüşdürülməsi baxımından unikal imkanlar yaradır.

 

Bu il sammit “Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması üçün İnformasiya-Kommunikasiya Texnologiyaları”  mövzusunda öz işinə başlayıb və 12 aprel tarixinədək davam edəcək.  Məlumat üçün bildirək ki, forum bu il  10-cu ildönümünü qeyd edir.

 

Bununla da, artıq illərdir ki,  WSIS bütün maraqlı tərəflər üçün  “ədalətli və bərabərhüquqlu informasiya cəmiyyəti” platformasını təşkil etməkdədir.

 

Forum çərçivəsində 9-10 aprel tarixlərində yüksək səviyyəli siyasi sessiyalar keçiriləcək. Hökumət, özəl sektor və ictimai təşkilatların yüksək səviyyəli təmsilçiləri tərəfindən İKT sahəsində yaranmaqda olan tendensiyalar, imkanlar və  çağırışlar müzakirə olunacaq. Sammit öz işini aprelin 12-dək davam etdirəcək.

 

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə  İxtisaslaşmış Agentliyi (UNESCO), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən hər il ənənəvi olaraq təşkil olunan sammitdə Nazirlər Toplantısı, digər sessiya və forumlar da keçiriləcək.

 

Sammit çərçivəsində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” (WSIS Prizes – 2019) da sahiblərinə təqdim olunacaq. Qeyd edək ki, ölkəmiz  müsabiqəyə “Made in Azerbaijan” brendi ilə layihələr təqdim edib.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R