date icon
06.12.2018 / 23:11

Azərbaycanda İKT sahəsində ən uğurlu qadınlar elan edilib

"Bakutel”in dəstəyi və Azərbaycan Qadınları İKT-də - “FEMMES DIGITALES” klubunun təşkilatçılığı ilə sayca 2-ci “AWITA 2018” (“The Women in IT Award”) mükafatlarının təqdimat mərasimi keçirilib.

 

Mükafat Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara təqdim edilib.

 

Təqdimat mərasimi Bakıda keçirilən Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” Azərbaycan beynəlxalq sərgi və konfransının rəsmi açılışı münasibətilə təşkil edilən ənənəvi ziyafətlə birgə baş tutub.

 

“AWITA 2018” mərasimi 500-dən çox peşəkarı və qonağı toplayıb. Onlar arasında Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, Estoniyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri Maya Tasa, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, xarici ölkələrin səfirləri, nümayəndə heyətləri və ölkənin IT sənayesinin nümayəndələri və olub.

 

“Bakutel”lə yanaşı, “PAŞA Bank”, “B.EST Solutions”, “MONT Azerbaijan”, “Rabitəbank”, “Bakinity”, “Lilac”, “R.I.S.K”, “Sinam”, “Ultra”, “Cybernet”, “Azer Agrar”, “Tovuz-Baltiya”, “Microsoft Azerbaijan”, “STEP IT Academy”, “Synergy Partnership” şirkətləri də “AWITA 2018” müsabiqəsinin partnyorları və sponsorları sırasındadırlar.

 

Müsabiqəyə 100-dən artıq ərizə daxil olub. Yekun nəticəyə görə, 11 nominasiya üzrə qaliblər müəyyənləşdirilıb. Dövlət qurumunda fəaliyyət göstərən rəqəmsal lider - Leyla Məmmədova (“AzIntelecom”un baş direktoru), münsiflər heyətinin seçimi – Sahibə Həsənova (Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində radiorabitə sahəsində ekspert), İlin İnovatoru – Şəbnəm Məmmədova (kənd təsərrüfatı nazirinin İnnovasiyalar üzrə müşaviri), ilin təsisçisi, baş direktoru və yaxud IT sahəsində direktor – Naina Mehdiyeva (“Golden Pay”in baş direktoru), 2018 sahə nominasiyası: AGTECH-də qadın – Jalə Əmirbəyova (fərdi sahibkar, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini), ilin işə götürəni  – “B.EST Solutions” (“Asan İmza” mobil elektron imzanın operatoru), rayon və ucqar bölgədə IT sahəsinə verilən töhfə - Bahar Abdullayeva (İ.Həsənov adına İsmayıllı rayon 1 saylı tam orta məktəbinin müəllimi), ilin innovativ müəllimi – Aliyə Əhmədova (İ.Qayıbov adına Sumqayıt şəhəri 1 saylı tam orta məktəbinin fizika-informatika müəllimi), ilin startapı – Elnarə Məmmədzadə (“Dataforest”in təsisçisi və idarəetmə üzrə partnyor), ilin proqramçısı – Ləman Qədirli (STEP IT akademiyada müəllim), IT sahəsində ilin birliyi/ IT sahəsində təhsil proqramı və ya layihəsi – Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi qalib elan olunublar.

 

Hər il “AWITA” müsabiqəsi çərçivəsində Azərbaycan Qadınları İKT-də -“FEMMES DIGITALES” klubunun fəaliyyətinin inkişafına və dəstəyində verdiyi töhfəyə görə mükafat təqdim edilir.

 

Bu il bu mükafata Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, “ASAN xidmət”, ADA Universiteti və STEP IT Akademiyası layiq görülüblər.

 

“AWITA 2018” tədbiri qadınlar arasında IT sahəsinin populyarlaşdırılmasına və təbliğinə, həmçinin Azərbaycanda texnologiyalar və innovasiyalar sahəsində qadınların nailiyyətlərinin nümayiş etdirilməsinə istiqamətlənmiş ən böyük tədbir hesab edilir.

 

Qeyd edək ki, İKT sahəsində Azərbaycan Qadınları – “FEMMES DIGITALES” klubu dövlət və özəl sektorda çalışan qadınları birləşdirmək, həmçinin onların bu sahədə təhsil almaları və karyera yüksəlişinin təmin edilməsi məqsədilə yaradılıb. Bu il klub 4 yaşını qeyd edib.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R