date icon
27.09.2018 / 17:04

Azərbaycan Avropa İttifaqı Şurasının “Rəqəmsal və elektron hökumət üzrə yüksək səviyyəli konfrans”ında təmsil olunub

Avropa İttifaqı Şurasının “Rəqəmsal və elektron hökumət üzrə yüksək səviyyəli konfrans”ı keçirilib. Konfransda rəqəmli və elektron hökumət sahəsində  ekspertlər, rəsmi şəxslər və nazirlər iştirak edib.

 

Konfrans Tallin Nazirlər Bəyannaməsinin tətbiqi və vahid rəqəmli bazar üzrə konstruktiv mübadiləyə həsr olunub.

 

Tədbir Avstriyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində keçirilib.

 

Avstriyanın paytaxtı Vyanada öz işini ötən gün yekunlaşdıran “Rəqəmsal və elektron hökumət üzrə yüksək səviyyəli konfrans”da Azərbaycan da təmsil olunub.

 

Beynəlxalq tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

 

Avstriya tərəfinin sədrliyi ilə keçirilən tədbirdə Elmir Vəlizadə çıxış edib. O, ilk olaraq 25 sentyabr tarixində orbitə göndərilən Azərbaycanın üçüncü peyki olan  “Azerspace-2” telekommunikasiya peyki haqda məlumat verib:

 

“Biz bu nəticəyə 5 il ərzində müvəffəq olmuşuq və Azərbaycan kimi ölkələr üçün bu, çox yaxşı nəticədir. Bizim bu istiqamətdəki fəaliyyətimiz yalnız daxili tələbatın ödənilməsini deyil, regional, qlobal tələbatın qarşılanmasını da nəzərdə tutur. “Azerspace-2” də Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Bu istiqamətdə aparılan fəaliyyət ümumi inkişafı, o cümlədən rəqəmsal infrastrukturun qurulmasını nəzərdə tutmaqla, rəqəmsal strategiyamızın bir hissəsidir” - deyə nazir müavini qeyd edib.

 

E.Vəlizadə çıxışında əlavə edib ki,  Azərbaycan bu sahədə də Avropanın inkişaf xəttini davam etdirir. O bildirib ki, son dövrlərdə ölkəmizdə rəqəmli iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün yol xəritələri hazırlanıb, bir neçə sənəd, o cümlədən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul olunub.

 

“Eyni zamanda ölkəmizdə rəqəmsal hökumətin inkişafı sahəsində yeni Fəaliyyət Planı həyata keçirilir. Görülən bütün bu işlər isə Avropa təcrübəsinə əsaslanır.  Xüsusilə Avropa İttifaqının Vahid Rəqəmsal bazar konsepsiyasını vurğulamaq istərdim. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına cəlb olunmuş ölkə kimi bu istiqamət bizim üçün də çox maraqlıdır”.

 

Daha sonra konfransda Avropa Vahid Rəqəmli bazarın inkişafı üzrə növbəti addımlar müəyyənləşib.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R