date icon
11.06.2018 / 17:45

Bakıda irimiqyaslı nəqliyyat sərgilərinin açılışı olub

Bu gündən Bakı Ekspo Mərkəzində 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika – “TransCaspian/Translogistica 2018”, 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat – “Road & Traffic 2018” sərgilərinə start verilib. Hər iki sərgi 13 iyun tarixinədək ziyarətçiləri qəbul edəcək.

 

Sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgilər Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir. Sərgilərdə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır.

 

Sərgilər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), eləcə də, Bakı Nəqliyyat Agentliyi tərəfindən dəstəklənir.

 

Bu il “TransCaspian/Translogistica” sərgisində dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edir. Azərbaycan, Belarus, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və s.) təqdim edir. Sərgidə ticarət şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edirlər.

 

8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi  və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir. “Road & Traffic” – regionun ən böyük ixtisaslaşmış sərgilərindən biridir və sərgi yol infrastrukturunun inkişafının bütün aspektlərini əhatə edərək yalnız yol deyil, eyni zamanda nəqliyyat və tikinti sənayesi ilə məşğul olan mütəxəssislər arasında yüksək qiymətləndirilir.

 

Sərgidə Azərbaycan, ABŞ, Belarus, İran, Polşa, Rusiya, Türkiyə və ilk dəfə olaraq Slovakiyanı təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər xidmət və məhsulları “Road & Traffic 2018” sərgisində təqdim edəcəklər. Yerli iştirakçıların arasında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti də vardır. Builki sərginin debütantları arasında isə “Macina TST” (Belarus), “Paya Tadbir Pakan” (İran), “Pietrucha” (Polşa), “SORB Group” (Rusiya) və “Molpir” (Slovakiya) vardır. Sərgidə ilk dəfə iştirak edən Rusiyanın Yaroslavl Diyarının istehsalçıları tədbirdə ayrıca stendlə iştirak edirlər.

 

Sərgilərin açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sərgilərin təşkilatçılarına və iştirakçılarına uğurlu və məhsuldar fəaliyyət, eləcə də etibarlı tərəfdaşların tapılması və işgüzar əlaqələrin daha da gücləndirilməsində müvəffəqiyyətlər arzulayıb.

 

Nazir bildirib ki, bu il keçirilən sərgilər, hər il olduğu kimi, iştirakçılar arasında işgüzar əlaqələrin və ünsiyyətin qurulmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəkdir.

 

Ramin Quluzadə ölkəmizdə etibarlı, sürətli və təhlükəsiz nəqliyyat sisteminin yaradılması və ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə infrastrukturun yenilənməsi, multi-modal logistika sistemlərinin təkmilləşdirilməsinə böyük önəm verildiyini qeyd edib.

 

“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycanın qlobal nəqliyyat logistika mərkəzinə çevrilməsi üçün dövlət siyasətini müəyyən edən bir sıra qərarlar imzalayıb. Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu qərarlar böyük infrastruktur layihələrinin həyata keçirilməsi ilə yanaşı, sahənin idarə olunması, normativ hüquqi bazanın daim təkmilləşdirilməsi və ən müasir standartların tətbiqinə imkan verir. Bu layihələrdən 2017-ci ilin oktyabrında istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars, Çin də daxil olmaqla, Uzaq Şərqdən Avropa istiqamətinə və geriyə daha etibarlı, səmərəli və təhlükəsiz daşımaların həyata keçirilməsinə töhfə verəcəkdir” – deyə R.Quluzadə vurğulayıb.

 

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını Xəzər dənizi hövzəsində ən böyük liman kompleksi adlandıran nazir qeyd edib ki, yeni liman bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişin daşımalarının həyata keçirilməsində əsas rol oynayacaqdır.

 

Nazir, həmçinin infrastrukturun yenilənməsi və inkişafı, çoxfunksiyalı logistika sistemlərinin yaradılması, daşımaların təhlükəsizliyini təmin edən nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün gələcəkdə çox işlər görülməli olduğunu da qeyd edib.

 

“ITE Group” şirkətinin regional direktoru Edvard Stron bildirib  ki,“TransCaspian/Translogistica” sərgisi Böyük Britaniyanın “ITE Group” şirkətlər qrupu tərəfindən təşkil olunan “TransRussia” (Moskva), “TransPoland” (Varşava), “TransUzbekistan” (Daşkənd), “TransUkraine” (Kiyev) və “TransKazakhstan” (Almatı) kimi ixtisaslaşmış nəqliyyat-logistika sərgiləri, eləcə də “BreakBulk” beynəlxalq sərgilər (Antverpen, Hyuston, Şanxay, Əbu-Dabi, Kuala-Lumpur) və digər tədbirlər silsiləsinə daxildir.

 

O qeyd edib ki, sərgi iştirakçılarının 30%-dən çoxunu debütantlar təşkil edir və onların arasında dəniz daşımalarını həyata keçirən şirkətlər (Abşeron Logistika Mərkəzi, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı), dəmir yolu daşımaları sahəsində ixtisaslaşan şirkətlər (“ADY Container”), avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üzrə şirkətlər (Belarusun “APS Solver” şirkəti, Litvanın “Arijus UAB” şirkəti), hava nəqliyyatı şirkətləri (“Silk Way Group” şirkəti) yer alır. Sərgidə bir sıra yeniliklər təqdim olunacaq, belə ki, “AzRusTrans” şirkəti tranzit daşımalar üzrə alternativ imkanları nümayiş etdirəcək, “Texnovotum” şirkəti isə ziyarətçilərə avtomatlaşdırılmış lazer skaneri və defektoskopiya kimi məhsullarını təklif edəcəkdir.

 

“Sərginin işgüzar proqramı çərçivəsində yük daşıyıcıları və yük sahibləri, hərəkət heyətinin sahibləri və dənizçilik sənayesində çalışan şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək. Tədbirin məqsədi iştirakçı şirkətlərə yerli şirkətlər ilə tanış olmaq, yeni məhsul və xidmətləri təqdim etmək, yeni iş imkanlarını araşdırmaq, potensial müştərilər tapmaq və biznes mübadiləsi imkanı təqdim etməkdir. “TransCaspian/Translogistica” sərgisi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, eləcə də yeni işgüzar müqavilələr imzalamaq üçün yük sahibləri, sənaye müəssisələrinin rəhbərləri, avtomobil parklarının sahibləri və müvafiq profilli sektorları təmsil edən digər maraqlı tərəflərlə görüşmək üçün unikal imkandır”, – deyə Edvard Stron bildirib.

 

Məlumat verilib ki, bu il sərginin işgüzar proqramı çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Bakı Ekspo Mərkəzinin 22 nömrəli otağında “Nəqliyyat Xidmətinin Yeni Yol Planı” mövzusunda konfrans keçiriləcək. Konfransın sonunda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Ali Məktəblər arasında qarşılıqlı əməkdaşlıq memorandumlarının imzalanması planlaşdırılır.

 

Həmçinin, sərginin ikinci iş günü “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək və bu görüşlər sayəsində iştirakçılar yeni məhsul və xidmətləri təqdim və kəşf etmək, yeni biznes imkanlarını araşdırmaq, potensial müştərilər tapmaq və işgüzar təcrübə mübadiləsi aparmaq məqsədi ilə aparıcı yerli şirkətlərlə görüşə biləcəklər.

 

Məlumat üçün bildirək ki, sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər. 2018-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər) yer alır.

 

Sərgilər peşəkar ziyarətçilər üçün 11-13 iyun tarixlərində, tələbələr üçün isə iyunun 13-də açıq olacaq.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R