date icon
09.05.2018

Bakıda ilk dəfə Dünya Limanlar Konfransı keçirilib

Mayın 9-da Bakıda Dünya Limanlar Konfransı (IAPH Baku 2018) öz işinə başlayıb.

 

AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Port and Harbors - IAPH) prezidenti Santiaqo Qarsiya Mila Bakının qədim İpək Yolunun mərkəzində yerləşdiyini deyib. Bildirib ki, konfransın da bu şəhərdə keçirilməsi təsadüfi deyil. Həmçinin Bakı konfransı bu regionda Beynəlxalq Limanlar Assosiasiyasının keçirdiyi ilk tədbirdir. O, konfransın Azərbaycanın nəqliyyat və logistika imkanlarının tanıdılması baxımından əhəmiyyətini qeyd edib.

 

"DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim bildirib ki, Bakı Limanı Dünya Limanlar Konfransına möhtəşəm ev sahibliyi edir. Bu tədbirin Bakıda keçirilməsi mühüm hadisədir. Son dönəmlər Azərbaycanın logistika sahəsində atdığı vacib addımlar, həyata keçirilən beynəlxalq layihələr, Bakı Limanında görülən əhəmiyyətli işlər bu tədbirin məhz Bakıda keçirilməsinin önəmli hadisə olduğunu göstərir: "Bakıda keçirilən Dünya Limanlar Konfransı limanlar arasında əlaqələrin inkişafı baxımından mühüm platformadır. Burada iştirak edən dünya limanlarının rəhbər və nümayəndələri gələcək fəaliyyətləri ilə bağlı diskussiyalar apara və əməkdaşlıq yarada bilərlər".

 

Konfransda çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu mötəbər tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, Sidney, Los-Anceles, Hamburq, Panama, Bali və sair kimi böyük liman şəhərlərinin ev sahibliyi etdiyi bu konfransın 2018-ci ildə məhz Bakı şəhərində keçirilməsi ölkəmiz üçün mötəbər hadisədir. “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpası Azərbaycanın tranzit potensialının artırılmasına zəmin yaradıb. Nəqliyyat və logistika dünyada ən dinamik inkişaf edən sahələrdən biridir. Ölkəmizdə də bu sahə prioritetdir və daim möhtərəm Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib. Bu işlər Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artmasında mühüm rol oynayır.

 

Azərbaycanda innovativ texnologiyalara əsaslanan dayanıqlı nəqliyyat sistemi formalaşdırılır. Mövcud nəqliyyat kompleksinin rəqabət qabiliyyətinin artırılması məqsədilə bu sahədə zəruri islahatlar aparılır, idarəetmə təkmilləşdirilir. Ölkə ərazisində yüklərin qəbul edilməsində və daşınmasında yük həcmlərinin artırılması məqsədilə Prezidentin Sərəncamına əsasən Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilib. İqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında xüsusi rolu olan müasir nəqliyyat infrastrukturunun yaradılması, beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi üçün respublikamızda bir sıra işlər görülüb.

 

Bütün bunlar isə Azərbaycana və tərəfdaşlarına böyük iqtisadi dividendlər gətirir, regionun strateji əhəmiyyətini artırır.

 

Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakının Xəzər hövzəsində çox müasir və böyük nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan yaradır. Həmçinin yeni liman Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı genişləndirməyə, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli şərait yaradır.

 

Artıq 2018-ci ilin sonlarından etibarən yükdaşıyıcılar yeni Bakı Limanının müasir informasiya kommunikasiya sistemləri vasitəsilə “onlayn” rejimdə yüklərin yerini və limanlara çatma vaxtını müşahidə edə biləcəklər.

 

Bakı Limanı Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdirilir. Burada Avropa İttifaqının ekoloji, iqtisadi və sosial təminatlarla bağlı yeni strategiyasına uyğun olaraq ən son texnologiya və ekoloji standartlar tətbiq edilir. Bu məqsədlə, yeni Bakı Limanında Xəzər hövzəsində neftlə və məişət tullantıları ilə çirklənmiş suları təmizləyən qurğular quraşdırılıb.

 

Ələt Azad İqtisadi Zonası Azərbaycanı regionun nəqliyyat və logistika mərkəzinə (hub) çevrilməsinə xidmət edir. Bu zona yeni Bakı Limanının Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Türkiyə, Çin, Rusiya, İran kimi dövlətlər üçün rolunu artırır.

 

Regional nəqliyyat qovşağı kimi yeni limanın əhəmiyyətini daha da artıracaq digər layihə Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Yeni Liman Kompleksi gələcəkdə yüklərin Çin və Mərkəzi Asiyadan Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaq”, - deyən nazir R.Quluzadə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi barədə də məlumat verib. Bildirib ki, bu nəqliyyat dəhlizlərində işlərin tamamlanmasından sonra qatarların Hind okeanı hövzəsindən birbaşa Şimali Avropa, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyə ərazisindən keçməklə Şərqi və Mərkəzi Avropa, eləcə də yeni liman üzərindən bərə keçidi vasitəsilə Mərkəzi Asiya istiqamətlərində hərəkəti mümkün olacaq: “Bu layihələr İpək Yolunun canlanmasını, regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin edəcək, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımalarının artırılmasına şərait yaradacaq”.

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ev sahibliyi etdiyi Dünya Limanlar Konfransına rekord sayda nümayəndə heyəti qatılıb. Belə ki, dünyanın aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Filippin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla dünyanın 65 dövlətindən beynəlxalq limanların, biznes icmasının, gəmiçilik və logistika üzrə iri şirkətlərin 400-dən çox nümayəndəsi Dünya Limanlar Konfransında iştirak edir.

 

Konfransa “DP World”un sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, İndoneziyanın ən böyük liman korporasiyası “IPC”in prezidenti Elvin Masassaya, Triyest limanının prezidenti Zeno-d`Aqostino, Avstraliyanın “New South Wales” (sabiq Sidney Port Korporasiyası) baş direktoru Qrant Qilfilan, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usmanın və sair yüksək rütbəli qonaqlar da qatılıb.

 

Qeyd edək ki, Beynəlxalq Limanlar Assosiasiyasının 2016-cı ildə Panamada keçirilən illik konfrans zamanı Direktorlar Şurası yekdilliklə 2018-ci il üçün Dünya Limanlar Konfransının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul etmişdir. Mənzil qərargahı Tokio şəhərində olan IAPH 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los -Anceles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama və 2017-ci ildə Bali kimi böyük liman şəhərlərində keçirilib.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R